“Hər dəfə 300-400 manatlıq satış olur, amma oğurluq da baş verir və…” “Hər dəfə 300-400 manatlıq satış olur, amma oğurluq da baş verir və…”

Kitab bayramı: burada kitaba 1 manat verənlər də var, oğurlayanlar da

“Hər dəfə 300-400 manatlıq satış olur, amma oğurluq da baş verir və…”



Dünyada ən çox kitab oxuyan xalq yaponlardır. Hesablamalara görə, ingilislər də onlardan geri qalan deyil. Adı çəkilən ölkələrdə 1 adama 4-5 kitab düşür. Rusiyada isə, əksinə, 4 adamdan biri daim mütaliə edir. Bu rəqəmləri görəndən sonra Azərbaycan məkanında kitab oxuyanların sayı ilə bağlı rəqəm dəhşətli görünür: 3000 adama bir kitab.

Yəqin razılaşarsınız ki, ictimai nəqliyyatda rastlaşdığımız kitab həvəskarları əksər hallarda əcnəbilər olur. Odur ki, Azərbaycanda kitabla bağlı hər hansı aksiyanın uğurla həyata keçirilə bilməsi ehtimalı çoxları üçün mümkünsüz görünürdü. Amma belə deyilmiş...

Artıq bir neçə həftədir ki, "Qanun" Nəşriyyatında işıq üzü görən bədii və publisistik kitablardan tutmuş, qanunlar toplusuna qədər hər cür ədəbiyyatın endirimli qiymətlərlə satışına start verilib. "Əli və Nino" kitab mağazalar şəbəkəsinin və "Qanun" nəşriyyatının birgə həyata keçirdiyi bu layihə hər həftəsonunu kitab həvəskarları üçün bir bayrama çevirib.

Alan razı, satan razı …

Aksiya bu gün də "Əli və Nino" mağazasında keçirilir. Açıq havada qurulan dəzgahın üstünə məhdud sayda müxtəlif ədəbiyyatlar düzülüb.

Bir tərəfdə rus dilində, digər tərəfdə azərbaycan dilində olan kitablar satılır. Doğma dilimizdə olan kitabların qarşısında alıcı sayının çoxluğu təəccüb doğursa da, izah ediləndir: azərbaycanlılar kitab oxumağı sevə bilər, ancaq bir şərtlə ki, ona pul verməsinlər. Bizimkilər bir kitabı ya kimdənsə istəməli, ya oğurlamalı, ya da dəyərindən dəfələrlə aşağı qiymətə almalıdır.

"Qanun" Nəşriyyatı və "Əli və Nino" kitab mağazalar şəbəkəsi oxucusunun məhz bu xüsusiyyətdən istifadə edərək, kitabı onlara daha çox sevdirməkdə qərarlıdır. Gördükləri işdən onlar da məmnundur, bu layihədən yararlananlar da… Dəzgahın hər iki tərəfində təbəssüm və sevinc dolu nəzərlər kitabların üstündə fırlanır. Biri görüb istəyir, o birisi tapıb verir.

Bizə qarşı haqsızlıq edirlər

Kitab aksiyasına qatılanlardan birinə yaxınlaşıb, onu söhbətə tuturuq. Samirə İqtisad Universitetinin maliyyə fakültəsinin tələbəsidir. Kitab həvəskarı olduğunu deyir. Ancaq münasib qiymətə olan kitabları almağa gücü çatdığından belə aksiyalar ona göydəndüşmədir:

"İstənilən qiymətə kitab ala bilmirəm. Yalnız orta qiymətə olan və marağımı çəkən kitabları almağa gücüm çatır. Ancaq kitab aksiyaları bahalı qiymətə olan kitabları əldə etməkdə çox kömək edir. Tələbə olandan artıq 3-cü aksiyadadır ki, iştirak edirəm. "Qanun" Nəşriyyatının bunu mütəmadi olaraq həyata keçirməsi isə məni çox sevindirir. Yaşlılar gəncləri həmişə oxumamaqda qınayır. Amma məncə, onlar bizə qarşı haqsızlıq edirlər".

Samirə deyir ki, xalqımız haqqında kitab həvəskarı demək olmaz. Ancaq oxuyanları da az deyil. Xüsusən, gənclərin arasında lap çoxdur.

Kitab oxumağı valideynlərimdən öyrəndim…

Azərbaycan Turizm İnstitutunun 1-ci kurs tələbəsi Fəqan Yusifli isə hesab edir ki, gənclər də kitab oxumağı böyüklərindən öyrənib. Odur ki, yaşlı nəslin arasında kitab həvəskarı az deyil: "Müəllimlərimin bədii əsər oxuduğuna inanmıram. Onlar ancaq ixtisaslarına uyğun kitablar oxuyurlar yəqin ki. Ancaq hər halda oxuyurlar. Bu, kifayət qədər dünyagörüşlü olmaqlarından bəllidir. Mənə kitab oxumağı isə valideynlərim öyrədib. Onlar həmişə oxuyurlar".

Fəqan "Əli və Nino" mağazasının "həftənin fürsəti" kampaniyasından daim yararlandığını deyir: "Kitab aksiyalarının daimi izləyicisiyəm. Kitab oxumağı sevirəm. Məncə, kitab tam fərqli aləmdir. İstədiyim kitabları internetdən də tapıb oxuya bilərəm. Buradan həm də ucuz başa gələr. Ancaq kitab alıb onu oxumağa üstünlük verirəm. Çünki internetdən istifadə sağlamlığa ziyan vurur. Üstəlik, Azərbaycanda elektron kitabxana sahəsində də hələ problemlər var. Bu səbəbdən kitaba üstünlük verirəm. Kitabın qoxusu, istənilən yerdə oxumaq imkanı verməsi məni cəlb edir. Kitab oxuyan fərqli düşüncəyə sahib olur. Onların öz fikri olur. Hər hansı məsələ ilə bağlı fikir yürütmə qabiliyyəti formalaşır. Məsələn, Fransada yaşayan erməni yazar Serj Apanasyanın "Azərbaycan, Gürcüstan, Ermənistan" kitabını oxudum. 1917-ci il hadisələrinə Azərbaycan yazarlarının verdiyi tarixi qiymət bizə məlumdur. O kitab mənə eyni tarixi hadisələrə ermənilərin də gözü ilə baxmaq imkanı verdi".

Əvvəllər daha çox kitab alırdım

Gənclərdən fərqli olaraq aksiyada azlıq təşkil edən yaşlı nəslin nümayəndələri nə fikirdədir? Danışmağa o qədər də həvəsli görünməyən Bahar xanımdan aksiyalarla bağlı fikirlərini öyrənməyə çalışdıq.

İxtisasca psixoloq olan oxucu aksiyaları izləməsə də, ona lazım olan kitabı aldığını deyir: "Kitaba tələbat hər zaman var. Çox oxumaq mənim xobbimdi. Əvvəllər daha çox kitab alırdım. İndi bir az baha olduğunu düşünürəm. Ona görə də bu gün əlimə düşən fürsətdən yararlandım. Maraqlı olduğunu düşündüyüm fəlsəfi kitablar aldım".

Bəzi kitablar 5 dəqiqəyə satılır

Qanun nəşriyyatının satış meneceri Səlcuq Elçin reallaşdırdıqları layihədən ağızdolusu danışır: "Məqsədimiz maddi durumu zəif olanların kitaba olan tələbatını ödəməkdir. 1 və 2 manata kitab satmaqla gəncləri daha çox oxumağa həvəsləndirmək istəyirik. Diqqət edirsinizsə, burada yaşlı nəslin nümayəndələrinə nadir halda rast gəlmək olar. Bu yolla orta yaşlı insanları da kitab oxumağa həvəsləndirməyin mümkün olduğuna inanırıq".

Satış meneceri satışa çıxarılan kitabların bir çoxunun qısa müddətdə bitdiyini deyib: "Ən çox satılan kitablar Paulo Coelhonun "RİO-PYEDRO SAHİLİNDƏ OTURDUM VƏ AĞLADIM" əsəri, Robert Qrinin "Hakimiyyətin 48 qanunu, Aqşin Yeniseyin "147 dənə sən" , Kurt Vonnequtun "Sallaqxana" kitabları qoyulandan 5 dəqiqə sonra satılır. Günün yarısı olmasına baxmayaraq artıq bir sıra kitabların yeri boşdur".

Rus dilində olan kitablara tələbatın azlığına gəlincə, satış meneceri bunu rusların fərqli psixologiyası ilə izah edib: "Onlar istədikləri kitabı qiymətindən asılı olmayaraq alıb, oxuyurlar. Elə kitab var ki, satış qiyməti 20 manatdır. Amma biz onu 2 manata sarışa çıxarmışıq. Həmin kitabı azərbaycanlılar 20 manata heç vaxt almazlar. Amma 2 manata buradan alırlar".

Reklam olunan kitablar daha çox satılır

Aksiyaya hər dəfə bir neçə nəfər könüllü qoşulur. Bu dəfə 3 könüllü iştirak edir. Onlardan biri Azərbaycan Tibb Universitetinin 4-cü kurs tələbəsidir. Sosial şəbəkələrdən xəbər tutub əvvəlcə alıcı kimi aksiyaya gəlsə də, alıcının çox, satıcının isə az olduğunun fərqinə varandan sonra satışa da kömək etməyə başlayıb: "Kitab almaq və satmaqdan da yaxşı kitab oxumaqdır. Kitab almağa marağım həm də şəxsi kitabxanamı qurmaq istəyimdən doğur. 40 yaşımda kitab oxuyacağımı bilmirəm, ancaq kitab yazacam".

Könüllü kitabsevər oxuduqları və satdıqları kitablar arasında müqayisə də aparıb: "Oxuduqlarım dərhal satılır. Burada müşahidə etdim ki, reklam olunan kitablar daha çox alınır. Halbuki onlardan da yaxşıları var. Bəyəndiklərimi bəzən başqalarına da məsləhət görürəm. Ancaq zövq məsələsi olduğu üçün ehtiyat edirəm".

Kitablara müəyyən güzəştlər olsa, hamı oxuyar

"Qanun" Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlunun sözlərinə görə, kitablarda uyğun qiymətlər nəticə etibarı ilə yaşlı nəslin nümayəndələrinin də mütaliə marağını qaytara bilər:

"Çox müsbət haldı ki, artıq kitab oxumaq dəbdədir. Biz də bu aksiya ilə kitablar ətrafında hadisə yaratmağı qarşımıza məqsəd qoyduq. Kitabları hadisələrin mərkəzinə qoymaq istəyirik. Düşünürük ki, bu yolla imkanı olmayan insanlara istədikləri kitabı əldə etməyə şans verə bilərik. Artıq məqsədimizə nail olduğumuzu düşünürəm. Hətta gözləniləndən artıq nəticə əldə etdik. Bilirsiniz ki, biz aksiya ilə bağlı məlumatları əsasən fasebook vasitəsi ilə çatdırırıq. Gələnlər yalnız kitab almır, sevinir və sevinclərini xoş sözlərlə ifadə edirlər. Bu səbəbdən də mən bu aksiyaya "kiçik kitab bayramı" deyirəm".

Təəssüflə qeyd etməliyik ki, qiymətlərdə böyük endirim də kitabsevərlərin oğurluq həvəsini qıra bilməyib. Aksiya təzəcə başlamasına baxmayaraq, artıq qoyulduğu yerdə tapılmayan kitablar vardı: "Hər dəfə 300-400 manatlıq satış olur. Amma oğurluq da baş verir və bu heç də yaxşı hal deyil. Çalışırıq ki, oğurluq olmasın. Bunu ancaq danışmaqla etməyə çalışırıq. Amma bunun qarşısını almaq üçün hər hansı aksiya və ya tədbir düşünmürük".

Ruhiyyə Daşsalahlı
AzNews.az

image description image description image description