Elman Abdullayev: “Azərbaycan Fələstin məsələsində qətiyyətli mövqe nümayiş etdirir“ - FOTO

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Misirə səfər çərçivəsində bu ölkənin aparıcı kütləvi informasiya vasitələri olan "Yaxın Şərq" informasiya agentliyi, "əl-Əhram", "Youm7", "Dustur", "Təhrir" qəzetləri və "əl-Əhram əl-Ərəbi" jurnalının nümayəndələri ilə görüş keçirib və geniş mətbuat brifinqi verib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Abdullayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həllinə dair Azərbaycanın baxışları, Ermənistanın regionda yürütdüyü qeyri-konstruktiv mövqeyi və bu cür siyasətin nəticəsində regionda özünütəcrid vəziyyətinə salmasını qeyd edərək, beynəlxalq ictimaiyyətin münaqişənin həlli istiqamətində səylərinin artırmasının vacibliyini vurğulayıb.

Ölkəmizin siyasi-iqtisadi inkişafı barədə danışan XİN-in mətbuat katibi Azərbaycanın region və onun hüdudlarından kənarda bir sıra mühüm əməkdaşlıq mexanizmlərinin təşəbbüskarı və aparıcı qüvvəsi olduğunu, regional enerji və nəqliyyat dəhlizinin mərkəzi məntəqəsinə çevrildiyini qeyd edərək, bu xüsusda 2013-cü ildə işə düşəcək Bakı-Tbilisi-Qars dəmiryolunun əhəmiyyətini vurğulayıb.

Azərbaycan ərəb-İslam dünyası ilə tarixi əlaqələrindən bəhs edən E.Abdullayev Azərbaycanın ərəb dünyasının ən ağrılı problemi olan Fələstin məsələsində qətiyyətli mövqe nümayiş etdirdiyini qeyd edərək, bunun bariz nümunəsi kimi bu ilin iyun ayında İslam Əməkdaşlıq Təşkilatı ilə birlikdə Bakıda donor konfransın keçiriləcəyi haqqında məlumat verib.

Görüş əsnasında E.Abdullayev Azərbaycan ilə Misir arasında əlaqələrin inkişafı, Azərbaycanın regionda və Misirdə gedən proseslərə baxışları və qonşu dövlətlərlə əlaqələri mövzusunda çoxsaylı sualları cavablandırıb.
Qeyd edək ki, Misirə səfər çərçivəsində E.Abdullayev Qahirə Amerika Universiteti və Qahirə Universitetində fəaliyyətə başlayan "Azərbaycan tədris proqramı"nda mühazirələr təqdim edib, "əl-Əhram" Siyasi və Strateji Araşdırmalar Mərkəzi və Misir hökuməti yanında Qərarların qəbul edilməsi və informasiya təminatı üzrə Strateji Mərkəzdə çıxışlar edib, Misirin və regionun aparıcı televiziya kanallarından olan "Nile International"a canlı müsahibə verib.

AzNews.az