Namizəd Səfərov: “Onlar təkcə əks tərəflə deyil, həm də məhkəməylə mübarizə aparırlar” Namizəd Səfərov: “Onlar təkcə əks tərəflə deyil, həm də məhkəməylə mübarizə aparırlar”

“Bizim vəkillər dünyanın ən güclü vəkilləridir” - MÜSAHİBƏ

Namizəd Səfərov: “Onlar təkcə əks tərəflə deyil, həm də məhkəməylə mübarizə aparırlar”



Azərbaycan vəkillərin sayına görə dünyada sonuncu yerlərdən birini tutur. Hüquqşünas Namizəd Səfərov AzNews.az-a müsahibəsində vəkillik fəaliyyəti ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib.

- Namizəd bəy, Azərbaycanda vəkillikdən əldə edilən gəlirlə normal qaydada yaşamaq mümkündürmü?
- Vəkillik peşəsi ilə məşğul olan hüquqşünas belə bir təminatdan məhrumdur. Hesab edirəm ki, vəkil işləməklə ailənin normal yaşayış minimumunu təmin etmək qeyri - mümkündür. Ən azı, əlavə hansı işlərləsə məşğul olmalısan. Heç təsadüfi deyil ki, digər peşə sahibləri kimi vəkillərin də bəziləri mümkün olduqca sahibkarlıq fəaliyyəti ilə də məşğul olmağa can atırlar. Doğrudur, bu heç də hamıya müyəssər olmur. Ona görə də, istirahət nə olduğunu bilmədən daim əlləşir, çalışırlar. İstənilən işi icraatlarına götürürlər. Bu isə iş yükünü artırmaqla yanaşı, aparılan işin keyfiyyətinə də mənfi təsir göstərir. Azərbaycanda hər hansı işi icraatına götürməkdən imtina edən vəkillər barmaqla sayılası qədərdir. Baxmayaraq ki, bu gün adambaşına düşən vəkillərin sayına görə Azərbaycan bəlkə də dünyada ən sonuncu yerlərdən birini tutur. Əhalisi bizim əhalidən iki dəfə az olan Gürcüstanda vəkillərin sayı bizdəkindən 3 dəfə artıqdır. Bununla yanaşı əksər vəkillərin iş yükü də normadan xeyli aşağıdır. Başqa sözlə, əhali vəkilin xidmətindən istifadə etməyə meyl göstərmir. Vəkillərin xeyli hissəsi əslində öz peşəsi ilə deyil, tamamilə başqa fəaliyyət növləri ilə və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa can atırlar. Vəkillər Reyestrində 834 vəkil olmasına baxmayaraq, onların yarısı belə aktiv vəkillik fəaliyyəti ilə məşğul olmur. Bu da yuxarıda dediyim kimi ondan irəli gəlir ki, vəkillik ailəni dolandırmır. Əlbəttə, istisnalar mövcuddur.

- Ümumiyyətlə vəkillərin qonorarı hansı qaydalara uyğun hesablanır? Yəni, burada müdafiə olunan tərəfin adının hallandırıldığı cinayət işinin tipi və s. kimi məsələlər nəzərə alınırmı?
- Vəkilin əmək haqqı, başqa sözlə desək, qonorarı onunla xidmət göstərdiyi, hüquqlarının müdafiəsini həyata keçirdiyi şəxs arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. Burada vahid tariflər mövcud deyil. Bağlanan müqavilənin məbləği bir sıra hallarla müəyyənləşdirilə bilər. İşin həcmi, zaman baxımından müddəti, ağırlığı və s. Burada ən başlıca rol oynayan faktorlardan biri vəkilin müqavilə bağladığı şəxsin maddi durumudur. Hal-hazırda ölkə əhalisinin maddi durumu hamıya bəllidir. Ərzaq mağazalarında qeydiyyatı aparılan borclular siyahıları faciəvi vəziyyətin bariz göstəricisidir. Belə maddi durumda olan əhalidən hüquqi yardım üçün hansı ödəniş tələb etmək mümkündür? Elə buna görə də vicdanlı vəkillər icraatlarındakı işlərin bəzən yarıdan çoxunu ödənişsiz həyata keçirirlər.
Bir qrup imkanlı şəxslər də var ki, əslində onların hüquqi yardıma ehtiyacları da yaranmır. Bu kateqoriyalı şəxslər öz problemlərinin "Azərbaycansayağı" həllinə daha çox üstünlük verirlər.

- Azərbaycanda "ən bahalı" vəkil kimdir?
- Doğrusu bu suala cavab vermək çətindir. Avropa və ya qərb ölkələrində həqiqətən də bahalı vəkillər var. Belə vəkilləri hamı tanıyır və imkanlı şəxslər məhz onlara müraciət etməyə üstünlük verirlər. Bu, həmçinin bir nüfuz məsələsinə çevrilib. Rəqib və ya məhkəmə qarşısına bahalı-tanınmış vəkil çıxarmaqla işin yarısını udmuş olursan. Bu da ödənilmiş məbləği doğruldur. Bizdə kiminsə bahalı vəkil olduğunu iddia etmək çətindir. Mən deyərdim ki, bizdə hər işi öhdəsinə götürməkdən imtina edən vəkili elə bahalı vəkil adlandırmaq olar. Əgər vəkil aparacağı işə görə 5-10 min manat tələb edirsə və bu məbləği ödəmək imkanında olmayan şəxslə müdafiə barədə müqavilə bağlamaqdan imtina edirsə, bu vəkili bahalı vəkil hesab edə bilərik.

- Vəkillərin qonorarı daim maraq mövzusu olub, amma hər dəfə də hansısa rəqəm açıqlanmayıb. Bir mətbuat nümayəndəsi olaraq mən ancaq bir neçə il əvvəl Leyla Şıxlinskayanın Əli İnsanova qarşı müdafiəsini öhdəsinə götürən vəkilin açıqlamalarını xatırlayıram - bu işlə məşğul olduğu hər gün üçün indiki rəqəmlə 300 manat.
- ABŞ-da orta səviyyəli vəkilin saatı 800 dollardır. Bəzi vəkillər saatı 5000 dollara məhkəməyə çıxırlar. Yəni 5 saat məhkəməyə sərf edirsə müştəridən 25000 dollar alır. Bizdə belə bir tarif yoxdur. Ola bilsin ki, hansısa vəkilin əlinə imkanlı bir əcnəbi müştəri düşsün və onunla vaxta müvafiq müqavilə bağlasın. Bizdə milyonerlər, hətta milyarderlər olsa da, onların vəkilin saatına pul ödəməsi inandırıcı gəlmir. Bizdə varlılar hakimiyyət təmsilçiləri və məmurlardır ki, onların problemləri bir qayda olaraq mövcud olmur, olanda da vəkilin köməyi ilə deyil "başqa üsullar və metodlarla" həll edilir. Amma ümumiyyətlə deyə bilərəm ki, bizdə 500 manatdan 5000 manata qədər müqavilə bağlanır. İstisna etmirəm ki, 10-20 min manata da müqavilələr bağlansın. Ancaq bu məbləğ əsasən işin başa çatdırılmasına görə olur. Lakin ola bilər ki, proses uzun çəksin və əlavə müqavilə bağlanılsın. Hər şey qarşılıqlı razılaşmadan asılıdır. Təsəvvür edin ki, 5000 manatın mübahisəsini edən müştəridən 1000 manat necə istəyəsən?

- Xarici ölkələrdə vəkillər də artıq kateqoriyaya bölünüb və hansısa bir vəkil bütün ölkə üzrə məsələn, boşanmalarla bağlı ən məşhur vəkil hesab edilə bilər. Azərbaycanda da belə bölgü varmı?
- Bəli, doğru buyurursunuz. Əksər xarici ölkələrdə vəkillərin ixtisas üzrə təbii bölgüsü formalaşıb. Hətta bəzi rəsmi reyestrlərdə bu ixtisaslaşma əks də etdirilir. Vətəndaş öz problemi ilə bağlı məhz artıq ixtisaslaşmış vəkillərə müraciət edir. Dediyiniz kimi, nikah sahəsində, vərəsəlik, əmək mübahisələri ilə bağlı ixtisaslaşmış, bu sahələri özü üçün paritet fəaliyyət növü seçmiş vəkillər var. Təəssüf ki, biz hələlik bu səviyyəyə çatmamışıq. Ən yaxşı halda cinayət və mülki sahədə ixtisaslaşmış vəkillərdən söhbət aça bilərik. Lakin onu mütləq qeyd etmək lazımdır ki, bizdə də olduqca savadlı, işgüzar, işinin öhdəsindən bacarıqla gələ bilən vəkillər az deyil. Bizim ölkə vəkilləri üçün sözünü deməyi bacaran vəkil olması da mühüm əhəmiyyət kəsb edir. Bizdə məhkəmə hakimiyyətinin müstəqil olmadığı bir şəraitdə vəkil üçün ikiqat çətindir. Vəkilin apardığı müdafiə taktikasına, gətirdiyi arqumentlərə əhəmiyyət verilmir. Hakimlər vəkillərə qulaq asmaq belə istəmirlər. Az qala onu buna məcbur etmək lazım gəlir. Ona görə də mən həmişə demişəm və indi də bu fikirdəyəm ki, bizim vəkillər dünyanın ən güclü vəkilləridir. Onlar təkcə əks tərəflə deyil, həmçinin də məhkəmə ilə mübarizə aparmağa məhkumdurlar.

- Azərbaycanda ümumiyyətlə "mafiya vəkili" varmı və onlar fəaliyyətlərində hansı problemlərlə üzləşirlər?
- Bu məsələ barəsində geniş danışmaq mümkündür. Son zamanlar cəmiyyətdə "mafiya vəkilləri" adlı yeni bir məhfum formalaşıb. Mətbuat bu mövzuya daha tez-tez müraciət edir. Əslində bu hadisə bizim cəmiyyət üçün yeni sayılmalıdır. Belə ki,"mafiya vəkilləri" mafiyanın mövcud məkanda meydana çıxa bilər. Bu baxımdan mafiyanın özünün mahiyyətinə aydınlıq gətirilməlidir. Mafiya dövlət strukturlarında yuva salmış və hakimiyyətdən sui-istifadə etməklə fəaliyyət göstərən cinayətkar qurumdur. Mafiya öz cinayətkar fəaliyyətini ört-basdır etmək, cəmiyyətin diqqətindən və istintaq orqanlarından yayınmaq üçün səlist müdafiə mexanizminə malik olmalıdır. Bu məqsədlə də ona qarşı irəli sürülə biləcək istənilən ittihama əvvəldən hazır olmalıdır. Bu əlbəttə ki, kifayət qədər xərc tələb edir. Lakin bir daha qeyd edirəm ki, mafiya istənilən vaxt belə ittihamlara hazır olmalıdır. Ona görə də ehtiyatda həmişə güclü vəkil potensialına malik olmaq lazım gəlir. Bu baxımdan "mafiya vəkilləri" özlərini həmişə konfort vəziyyətdə hiss edirlər. Bu da təbiidir. Onlar həm maddi cəhətdən təmin olunur, həm də etibarlı dayaqlara malik olurlar. Onların fəaliyyəti də bəzən mafiyanın özünün fəaliyyətinə qarışır və onlar törədilmiş cinayətin iştirakçılarına çevrilirlər.

- Vəkillər Kollegiyasına üzvlükdən xaric edildikdən sonra bir çox vəkillər müdafiəçi kimi proseslərdə iştirak edir. Bu nəylə bağlıdır?
- Hesab edirəm ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası vəkillərin problemlərindən tamamilə uzaqdır. Vəkillər başlı-başına buraxılıblar. Onlar məhkəmələr qarşısında müdafiəsiz qalıblar. Vəkillər Kollegiyası vəkilləri müdafiə edən, onların problemlərini ümumiləşdirərək aradan qaldırılmasında onlara yardımçı olmalı olan təşkilatdan vəkillərin cəza orqanına çevrilib. VK tərəfindən vəkillərə qarşı daim repressiv tədbirlər tətbiq olunmaqdadır. Əslində VK-nın Rəyasət Heyəti və rəhbərliyi Azərbaycanda Vəkillik İnstitutunun bir hüquq institutu kimi dirçəlməsində maraqlı deyil. Daim bacarıqlı və sözünü deməyə qadir vəkillər təqib olunur və kollegiyadan xaric olunurlar. İndiyə kimi ən tanınmış vəkillər belə təqiblərə məruz qoyulub.

Elnarə Əlosmanqızı
AzNews.az