11:46
(077) 610-22-33

Əlil arabasında idman rəqsi üzrə Beynəlxalq festival keçirildi

  • >
330 20 May 2013 21:20 | Cəmiyyət

Azərbaycan Milli Paralimpiya Komitəsi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə regionda ilk dəfə olaraq Bakıda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Əlil arabasında idman rəqsi üzrə Beynəlxalq festival keçirilib.


Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, festival çərçivəsində dünyada ilk dəfə olaraq əlil arabasında idman rəqsi üzrə flaş mob keçirilib.

Festival Milli Paralimpiya Komitəsinin himni ilə başlanıb. Tamaşaçılara paralimpiya hərəkatından bəhs edən video nümayiş olunub. Sonra Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Polşa, İsrail, Belarus və Qazaxıstandan olan 26 idmançı rəqqas öz rəngarəng nömrələri ilə Dənizkənarı Milli Parka gəzintiyə gəlmiş qonaqlara və şəhərimizin sakinlərinə xoş anlar bəxş edib. Festivalda gənc müğənnilər idmançılara dəstək olaraq öz musiqi nömrələri ilə çıxış ediblər.

Festivalda əlil arabasında idman rəqsinin Paralimpiya Oyunlarına daxil edilməsi məqsədilə iştirakçılar adından Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov tərəfindən imzalanıb və Beynəlxalq Paralimpiya Komitəsinə ünvanlanmış müraciət oxunub.

Dünya Paralimpiya idmanında öz dəst-xətti olan ikiqat Paralimpiya çempionu, ikiqat dünya çempionu, dördqat Avropa çempionu, "Şöhrət" ordenli, Heydər Əliyev Fondunun "Qızıl Çinar" mükafatının laureatı İlham Zəkiyev çıxış edərək festival iştirakçılarına dəstək olduğunu bildirib.

Festivalın sonunda Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov festival iştirakçılarına Komitənin xüsusi diplomlarını təqdim edib.
Festival konsert proqramı ilə davam edib.

AzNews.az
Bağla X