13:05
(077) 610-22-33

Ramil Usubov gürcü həmkarı ilə görüşdü

  • >
495 21 May 2013 19:50 | Cəmiyyət

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın daxili işlər naziri İrakli Qaribaşvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini özünün prioritet istiqamətlərindən biri elan etmiş Azərbaycanda ictimai münasibətləri, o cümlədən daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən, demokratik prinsiplərə söykənən yeni qanunların qəbul edildiyi, bu sahədə bir sıra inkişaf etmiş dövlətlərin, beynəlxalq təşkilatların mütəxəssislərinin böyük rolu olduğu, onların icrasının mühüm əhəmiyyət kəsb etdiyi nəzərə çatdırılıb.

Qeyd olunub ki, ötən illər ərzində nazirliklər arasında imzalanmış sənədlər, xüsusilə 2002-ci ilin aprelində Azərbaycan, Gürcüstan və Türkiyə respublikaları arasında terrorçuluq, mütəşəkkil cinayətkarlıq və ağır cinayətlərin digər növlərinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair imzalanmış müqavilə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar səviyyəsində əlaqələrin inkişafına təkan verib.

Daxili işlər naziri mövcud problemlərdən də danışıb, transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.

İrakli Qaribaşvili isə ölkəsinin Azərbaycanla strateji tərəfdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdırıb. Gürcüstanda həyata keçirilən hüquqi islahatlardan söz açan nazir təhlükəsizliyin yüksək səviyyədə təmin olunduğu bir dövlət, mehriban qonşu və yaxın dost olan Azərbaycanla bütün sahələrdə, o cümlədən daxili işlər orqanları arasında əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Qeyd edək ki, İrakli Qaribaşvili Ramil Usubovun dəvəti ilə Azərbaycana rəsmi səfərə gəlib.

AzNews.az
Bağla X