13:34
(077) 610-22-33

Xarici ölkələrin təhsil müəssisələrinin rəhbər şəxsləri Bakıya gəlir

  • >
308 23 May 2013 21:20 | Cəmiyyət

II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Yunanıstan, Malayziya, İtaliya, Polşa və Qətərin nüfuzlu təhsil müəssisələrinin rəhbər şəxsləri iştirak edəcəklər. Bu barədə Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir.

Forumda beynəlxalq qurumların rəhbərləri, bir neçə ölkənin hazırkı və keçmiş prezidentləri, dünyanın 100-dən çox ölkəsindən nazirlər, ekspertlər, "beyin mərkəzləri"nin rəhbərləri, o cümlədən Yunanıstanın Aristotel Universitetinin rektoru Yannis Milopoulos, Malayziyanın Xarici İşlər Nazirliyinin nəzdində Diplomatiya və Beynəlxalq Münasibətlər İnstitutunun baş katibi Cafar Ku Şaari, İtaliyanın Roma Sapienza Universitetinin prorektoru Antonello Biagini, Polşanın Varşava Universitetinin rektoru Martin Pals, Qətər Diplomatiya İnstitutunun müdiri Hasan İbrahim Al-Mohannadi, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında 2013-cü ilin 29 may-1 iyun tarixlərində Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Forumun əsas tərəfdaşları qismində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış edir.

Forum çərçivəsində Azərbaycanın Şərqlə Qərbin, müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşməsi nəzərə alınaraq, ilk dəfə Dünya Forumu Nazirlər Konfransı keçiriləcək.

Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci ilin 27 may tarixində imzaladığı sərəncamla Forum hər iki ildə bir dəfə Bakıda keçirilir və tədbirin əlaqələndirici qurumu kimi Mədəniyyət və Turizm Nazirliyi təyin edilib.

AzNews.az
Bağla X