06:20
(077) 610-22-33

Öldürməyin, həbs edin

  • >
504 27 May 2013 09:01 | Cəmiyyət


Elçin ZAHİROĞLU

Dünyanın kriminal şəhərləri haqqında çox oxumuşam. Balaca vaxtı məşhur bir cinayətkar olacağımı düşünürdüm. Yer kürəsinin ən kriminal şəhərləri olan Syudad Xuares və San Pedro Sula həsəd apardığım yerlər idi. Bu şəhərlərdə jurnalistləri sevmirlər, onlar potensial düşmənlərdir. Ona görə də bu şəhərlərdə jurnalist təhlükəli peşə sayılır. Söz yox ki, bu çoxlarının ağlına gəlmir, çoxları jurnalistlərə edilən təzyiqləri uydurma zənn edir, reallıqları dərk etmirlər. Bu şəhərlərin insanları bəlkə də inanmaq belə istəmirlər ki, ən böyük cinayətkarlar hüquq-mühafizə orqanlarının rəhbərləridir.
Elə buna görə də jurnalistlərin ağlama-sızlamasına dilənçilərin insanlara ənənəvi müraciəti kimi baxır, onlara "şivən" deyirlər. İnsanlar qanmırlar ki, Syudad Xuares və San Pedro Sulada ən dəhşətli məsələ sayt rəhbəri olmaqdır. Qanmırlar ki, birdən hansısa nazirin, komitə sədrinin... kiçik bir əməkdaşının hamının bildiyi, gördüyü cinayət əməllərinin kiçik bir hissəsini belə, bapbalaca hərflərlə yayımlayan sayt rəhbərinin başına it oyunu açırlar.
Bütün sənədlər əllərində, bütün şəxsi məlumatların qarşılarında, üstəlik vəzifə mundirindədirlər, cinayət etmək üçün əla fürsət – havadarları var, ifşa olunmaq riski yox... İnsafdan, insanlıqdan isə söhbət belə gedə bilməz; elə bil hamısını bir "istixanada" yetişdiriblər, hamısını bir dəvənin dərisi ilə, eyni səhrada manqurtlaşdırıblar. Hər imkanları da var: səni döymək, təhqir eləmək, ifşa eləmək... öldürmək.
Bu şəhərlərin sakinləri hələ də inanmaq istəmirlər ki, bəzən oxuduqları mülayim yazılara görə yeddi arxa dönənini söydükləri sayt rəhbərləri əllərini qələmə atan kimi səhər bir neçə adam onların evinə gəlir, evinin sənədlərini, burda kimlərin qeydiyyatda olduğunu öyrənirlər. Baş redaktor işə gedəndə görür ki, yaşadığı məhəllədə onu daim izləyən adamlar dolaşır; o yol getdikcə adamlar da arxasınca düşür... kölgə kimi, qorxulu yuxu kimi. Özünü təmkinli aparıb, bir təhər işə çatır, düşünür ki, yəqin arxasınca gələn sıradan bir adamdır... Sonra onu izləyən avtomobilin kimə məxsus olması ilə maraqlanır. Və bu an işlər düyünə düşür, çünki məlum olur ki, onu izləyən avtomobilin dövlət nömrə nişanı saxtadır... beləliklə, bəlli olur ki, işin başında daha yekə başlar durur. Amma şəhərin sakinləri... Onlar inanmayacaq ki, təqib olunduğunu görən baş redaktor dərhal Daxili İşverənlər Nazirliyinin 102 xidmətinə zəng edir. Orda eqoist və yorğun səs onun təlaşını bir qədər azaldır, daha doğrusu, təlaşı əsəblə əvəzləyir. Vəssalam, başqa heç nə baş vermir. Müraciəti heç kimin vecinə almır. "Niyə"sini yenə şəhər sakinləri anlamayacaq (!). Hələ bu harasıdır, heç kim inanmayacaq ki, təzyiqlər təkcə baş redaktora deyil. "Naməlum şəxslər" övladının bağçasından tutmuş, yaxın adamların iş yerlərinə kimi hər yerə gəlib çıxıblar. Sonra onun telefonuna naməlum zənglər olub, qəribə görüş təklifləri verilib. Sonra mülayim səslər vahiməli bağırtılarla əvəzlənib, ecazkar görüş təklifləri ölüm xəbərdarlığına, olmazın təhqirlərə çevrilib. Bir neçə gün sonra isə onun facebook, elektron poçtları ələ keçirilib. Şantaj etmək üçün materiallar axtarılıb, baş redaktorun informasiyaları kimdən aldığı təftiş edilib, üstəlik, onun adından tanınan şəxslərə, dostlarına, qohumlarına, işçilərinə təhqirlər, nalayiq ifadələr göndərilib. Heç kim inanmayacaq ki, baş redaktor yenə rəsmi qurumlara müraciət edib. Polisin şefinə rəsmi məktub yazıb. Cavabsa gəlmir, elə bir quyuya daş atmışsan, quyudan səs çıxır, nazirdən yox.
...Sonra Millətə Təzyiqlər Nazirliyinə üz tutub. Orda isə, baş redaktora qulyabanı kimi baxıblar, müraciətinə qulaq asan belə olmayıb.
İndi baş redaktor qalıb belə, bilmir neyləsin. Ağlayır baş redaktor, qorxur baş redaktor... Açığı vəziyyət bizdəki kimi olsaydı, şəxsən özüm onunçün müvafiq orqanlara müraciət edərdim, deyərdim ki, öldürməyin, həbs edin. Bəlkə bir eynullaq (Bu söz həmin şəhərlərdə yaman dəbə minib, mənasını isə hələ dəqiq bilmirəm) da düzəltdiniz...
Syudad Xuares və San Pedro Sul şəhərləri barədə bu qədər. Bunları ona görə ərz elədim ki, mənim kimi sakit adamın bu şəhərlərə gedib cinayətkar olmaq istəməyi məntiqini anlayasınız: elə şəhərlər var ki, orada yaşamaq üçün mütləq cinayətkar olmalısan, mütləq! Xüsusən də Syudad Xuares və San Pedro Sula kimi şəhərlərdə. Cinayətkar olmaq istəyənlər üçün həsəd aparılmalı şəhərlər deyilmi?
Bağla X