Nərgiz Qazi Nərgiz Qazi

Danimarkaya səyahət

Nərgiz Qazi




Atam on beş yaşımı maraqlı səfərlə qeyd edəcəyimizi hələ iki ay əvvəldən vəd eləmişdi. Mayın doqquzu idi. İkinci dəfə idi ki, Kopenhagenə gəlmişdim. Ancaq bu səfər daha maraqlı oldu. Əvvəlki səfərdə Kopenhageni o qədər də gəzə bilməmişdik. Çünki hava çox soyuq və qarlı idi. Amma bu dəfə Kopenhagenin maraqlı yerləriylə də tanış olduq.

Həm də ona görə maraqlı oldu ki, atamın dostu, uşaqlıqdan "İrena nənə" dediyimiz İrena Lasota da Vaşinqtondan bizimlə görüşməyə gəlmişdi.

İlk getdiyimiz yer Tivoli adlı əyləncə mərkəzi oldu. Tivoli şəhərin mərkəzi vağzalı ilə üzbəüz yerləşir. İçəriyə girmək üçün təxminən 1100 Danimarka kronu ödədik. Bu pula xüsusi qolbaqlar da daxil idi. Biz bu qolbaqlar vasitəsilə bütün atraksionlara kuponsuz girə bilirdik. Hər bir yelləncəyə kupon alanda çox baha başa gəlir.

İçəriyə girdikdən sonra görüş yeri təyin edib atamgildən ayrıldıq. Tivoliyə ikinci dəfəydi girirdim. Keçən dəfə bütün yelləncəklərlə tanış olmamışdım. Ona görə də heç birini buraxmaq istəmirdim.

İnsan özünü burada fərqli bir aləmdə hiss edir. Hər yer yaşıllıq, gül-çiçəkdir. Cənnət kimidir. Çox qəribə duyğulardır.

Valideynlərdən ayrılıb ucu-bucağı olmayan Tivoliyə daxil olduq. Bacım bəzi atraksionlardan çox qorxur. Düzdür, hələ balacadır. Bəlkə gələcəkdə qorxusu keçəcək, kim bilir? Qardaşım isə tamam ayrı cür düşünür. Ona elə gəlir ki, onlara minmək dəlilikdir. "Axı niyə insan həyatını təhlükəyə atmalıdır?" Amma məncə, insan öz qorxularını udmağı bacarmalıdır. Oradakı atraksionların hərəsinin özünəməxsus qəribəliyi var.

İlk olaraq "Atmosfer" adlı yelləncəkdən başladım. Yerdən qəfil sürətlə qalxaraq göyün bir qatında dayanır. Bütün Kopenhagen ayağının altında qalır. Özümü "Qulliverin səyahəti"ndəki div adamlar kimi hiss etdim. Bütün insanlar qarışqa boydaydı. Qəfildən 50 metrlik hündürlükdən yerə düşdüm. Ölümlə həyat arasındakı incə xətti gördüm. Üfüq xətti kimi. O saniyə ərzində sadəcə ölməyi düşündüm. Amma o bircə saniyədən sonra həyatın davam etdiyini anladım. Və mən də "qarışqa boyda" olan insanların boyuna enərək sonrakı yelləncəyə tərəf yol aldım.


Orada "Star Flyger" adlı bir karusel də var idi. Qorxulu deyildi. 80 metr hündürlüyə qalxaraq sakitcə fırlanır. Burada isə sadəcə gələcəyim haqqında fikirləşdim. Nəyə çata bilərəm, nəyə yox? Bilmirəm niyə 80 metrlik hündürlükdə sadəcə bunlar haqqında fikirləşdim.

Mən "Star Flyger"ə minəndə hava elə də qaranlıq deyildi. Amma ora qaranlıq düşəndə minmək daha maraqlı olar. Necə də olsa ulduzlara 80 metr daha yaxınlaşırsan.

Bu qədər macəradan sonra bir az bacımla qardaşıma da vaxt ayırdım. Onlarla daha asan karusellərə mindim. Təki onlar inciməsinlər.

Sonra qorxularımı "udmaq" vaxtıydı. Mənim üçün ən əsası isə "Təyyarə" adlı karusel idi. Ən qorxulusu da elə bu idi. Bunu izah etmək çətindir. 10-15 metr qalxdıqdan sonra "Təyyarə" başıüstə beş-on dəfə çevrilirdi. Sonra daha da hündürlüyə qalxırdı və dayanmadan fırlanırdı.

"Təyyarə"yə minmək üçün növbəyə duranda doğrudan da qorxdum. Amma geri qayıtmağı özümə sığışdırmadım. Mindim. Riskə getməyə dəyərdi, çox maraqlı idi. Həyatda qəsdən etdiyin şeylər gözlərinin qabağında canlanır. Və bu etdiklərinə görə əzab çəkirsən. Çünki öləcəyini düşünürsən. Hətta buna inanırsan. Ancaq 4-5 dəqiqədən sonra bu əzab qurtarır. Bir gün qurtaracaq həyat kimi.

Sonrakı gün Kopenhagenin böyük akvariumuna getdik. Akvariumun adı "Den bla planet" idi. "Göy planet" deməkdir. Həqiqətən də hər yer göy idi. 20 mindən çox balıq 53 akvariumda yerləşdirilmişdi. Köpəkbalıqlarını gördüm və onlara yazığım gəldi. Onlar kimi yer üzündə minlərlə köpəkbalığı var. İnsanları öldürürlər. İstədikləri yerə üzə bilirlər. Amma akvariumdakılar elə deyildi. O vəhşi heyvandan əsər-əlamət qalmamışdı. Həyatdan küsmüş şəkildə akvariumda o baş-bu başa üzürdülər.

Çoxlu xırda balıq da vardı. Hər balığın da özünəməxsus rəngi. Sanki bizim ora gedəcəyimizi əvvəlcədən bilib ən gözəl paltarlarını geyinmişdilər. Çox maraqlı idi.


"Qəfəs" balıqlarını ziyarətdən sonra azad balıqların yaşadığı sularda turist qayığı ilə Kopenhageni gəzməyə çıxdıq. Qatarla dəmiryolu, maşınla asfalt, təyyarə ilə buludların üstündə olmuşdum. Amma heç vaxt suyun dərinliklərinə qədər gedib dənizin ortasında üfüq xəttini seyr etməmişdim.

Qayığın burnu suyu yardıqca su damcıları üzümə dəyirdi. Qayıqdakı bütün turistlər oturacaqlarda oturmuşdular. Amma mən qayığın qırağındakı iki pillənin üstündə oturmuşdum. Oradan Baltik dənizinin üfüqü daha cazibədar görünürdü.

Sonrakı səfərimiz isə zoopark oldu. Orada Bakı zooparkında görmədiyim çoxlu heyvan var idi. Heyvanların hər birinə o qədər də böyük olmayan yerlər ayrılmışdı. Hər gün neçə yüz insan "İnstagram"a, ya da "Facebook"a qoymaq üçün onlarla şəkil çəkdirir.

Meşədəkilər zooparkdakı heyvanların çox şanslı olduğunu düşünürlər. Ancaq məncə, bu heyvanlar daha çox həbs cəzası çəkirlər. Onlar bütün günü yeyib yatırlar, qaçmağa, gəzməyə yer yoxdur. Buna görə də şişirlər şişə bildikləri qədər. Əziyyətsiz ye, iç, yat! Bəzi insanlar kimi.

Orada zürafələrlə bağlı yeni bir məlumat əldə etdim. Sən demə, zürafələr yatanda başlarını yerə qoymur. Elə oturulu yatır. Boyunları çox uzundur. Əgər başlarını yerə qoysalar beyinlərinə qan sızar və ölərlər.


Amma mənim üçün ən maraqlısı meymunlar oldu. İcma halında yaşayırdılar. Başçıları bir erkək meymundur. Sanki hər şeyə bu ata meymun qərar verirdi.

Orada yeni doğulmuş bir meymun diqqətimi çox çəkdi. Səhv etmirəmsə, iki həftəlik idi. Anası yanından heç ayrılmırdı. Elə meymunlara baxdığım vaxt zooparkın işçisi onlara yemək verdi.

Meymunların əlləri ilə yumurta soyub yemələri, yemək üstə dava salmalarını gərək özünüz görəydiniz. Meymunlara baxmağın özünəməxsus ləzzəti vardı. Xüsusən də insanın meymundan əmələ gəlməsi barədə düşünəndə.

Kopenhagen çox gözəl turist şəhəridir. Adamları da mehribandır. Orada yadımda ən çox "Təyyarə" və meymunlar qaldı. "Təyyarə"də ölüm haqda düşünsəm də, meymunlarla daha fərqli hisslər yaşadım, yaşamaq necə gözəldir deyə düşündüm.

Nə isə, əgər yolunuz Kopenhagenə düşsə, Tivoliyə, Akvariuma və zooparka getməyi unutmayın.

Mediaforum.az