“Dövlət büdcəsinin icrasında problemlər yaşanmayıb“

Milli Məclisin bugünkü iclasında "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Modern.az-ın məlumatına görə sənədlə bağlı parlamentin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli məlumat verib.

Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, 2012-ci ildə ölkənin valyuta ehtiyatları yüksələrək 14 faiz artıb. Bu isə 44,5 milyard ABŞ dolları deməkdir.

Nazirin qeyd etdiyinə görə, 2012-ci ildə işləyənlərin aylıq əmək haqları 2011-ci ilə müqayisədə 8,7 faiz artaraq 396 manat təşkil edib. Maliyyə naziri qeyd edib ki, 2012-ci ildə hər adambaşına düşən gəlir 12,2 % artaraq 3,8 min manat təşkil edib.

"Bununla yanaşı 2012-ci ildə inflyasiyanın səviyyəsi 1,1 % təşkil edib. 2012-ci ildə də ölkənin makroiqtisadi sabitliyi qorunub saxlanıb, əhalinin gəlirləri artıb, qeyri neft sektorunda artım baş verib. Ümumiyyətlə, ötən il istər dövlət, istərsə də icmal büdcənin icrasında problemlər yaşanmayıb. Belə ki, 2012-ci ildə icmal büdcənin gəlirləri 22,3 milyard manat, xərcləri 20 milyard manat təşkil edib. 2012-ci ildə 938 milyon manat profisit proqnozlaşdırılırdısa, bu rəqəm artaraq 2,3 milyard manata çatıb"-deyə nazir bildirib.

AzNews.az