“Azərbaycanın Rusiya ilə çox konstruktiv əlaqələri var“

Azərbaycanın Rusiya ilə çox konstruktiv əlaqələri var və iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur.


Bunu jurnalistlərə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

Səfir bildirib ki, qonşu ölkələr arasında problem yarana bilər: "Elə olur ki, milli maraqlar üst-üstə düşmür. Lakin Rusiya ilə Azərbaycan problemləri müzakirə edə bilər, mövqelərini açıqlaya bilər. Burada hər hansı bir məna axtarmaq lazım deyil".

Bülbüloğlu deyib ki, Rusiyanın Bakı-Novorossiysk boru kəmərindən imtina etməsi iki ölkənin münasibətlərinə heç cür təsir etməyəcək. Səfirin sözlərinə görə, neft kəməri ilə bağlı 10 ildir ki, bu söhbət gedir: "Rusiya tərəfi deyir ki, Azərbaycan boru kəmərində az miqdarda neft nəql edir. Azərbaycan isə deyir ki, Rusiya ərazisində digər neftlə qarışır və ona görə də kefiyyət aşağı düşür. Sonda elə oldu ki, bu kəmər nə Azərbaycan üçün, nə də Rusiya üçün sərfəli olmadı".

Səfir inanır ki, bunun da çıxış yolu tapılacaq. Mütəxəssislər müzakirə aparacaq, boru kəmərindən istifadə olunacaq.//trend//

AzNews.az