Yeni estakadayanı meydança tikilir

"Neft Daşları" yatağı üçün yeni 418 A saylı estakadayanı meydançanın tikintisinə başlanılıb.

ARDNŞ-nin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun layihəsi əsasında inşa olunan meydançanın baş podratçısı Şirkətin "Neftqaztikinti" Trestidir.

AzNews.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, 14 istismar quyusunun qazılması üçün nəzərdə tutulan meydança dənizin 13 metr dərinliyində yerləşdiriləcək. Meydançada yüksək və alçaqtəzyiqli seperatorlar, qazqızdırıcı, avtomatik qazpaylama, eləcə də neftin və qazın ölçülməsi qurğuları quraşdırılacaq.

Artıq obyekt üzrə 2400 kvadratmetrilk sənaye meydançası, 200 kvadrat metrlik məişət sahəsi tikilib, 152 ədəd svay və quyu şaxtaları vurulub. Qülləaltı postamentin inşaat işləri isə tamamlanma mərhələsindədir. Tikinti işləri bütün müasir norma və tələblərə uyğun şəkildə aparılır. Ümumilikdə tikinti işlərinin cari ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, meydançada qazılacaq quyulardan sutkalıq 140 ton neft və 10 000 kubmetrə yaxın təbii qazın hasil ediləcəyi nəzərdə tutulub.

AzNews.az