Dövlət hesabına oxuyan 118 məzun Azərbaycana qayıtmayıb

Təhsil Nazirliyi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" əsasında xaricdə təhsil alan tələbələrlə bağlı məlumat yayıb.

Məlumata görə, hazırda Dövlət Proqramı əsasında ən çox tələbə Türkiyə Respublikasında təhsil alır – 306 nəfər. Bu ölkədə tələbələrimizin daha çox təhsil almasının əsas səbəbləri iki ölkə arasındakı tarixi, dil və mədəni baxımından yaxınlığın olması, Türkiyənin inkişaf prosesindəki təcrübənin öyrənilməsinin aktuallığı və həmin ölkənin səfərlərin edilməsi baxımından əlverişli coğrafi məsafədə yerləşməsidir.

Bundan başqa Almaniyada 278 nəfər, Böyük Britaniyada 200 nəfər, Kanadada 126 nəfər, Rusiyada 46 nəfər, İsveçrədə 39 nəfər təhsil alır. Ümumilikdə isə proqram çərçivəsində 26 ölkədə 1170 azərbaycanlı tələbə oxuyur.

Hökumətlərarası müqavilələr çərçivəsində 6 ölkədə 712 tələbənin təhsil aldığını bildirən nazirliyin məlumatına görə, onlardan 442-i Türkiyədə oxuyur. Rusiyada müqavilə çərçivəsində təhsil alan azərbaycanlı tələbələrin sayı isə 239 nəfər təşkil edir. Bu siyahıda 26 nəfərlə Çin, 3 nəfərlə Misir sonrakı yerləri tutur. Çexiya və Slovakiyada isə 1 tələbə təhsil alır.

Ümumiyyətlə isə bu günə qədər "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 1825 nəfər xaricdə təhsil almaq hüququ qazanıb. Hazırda Dövlət Proqramı çərçivəsində təhsilini müvəffəqiyyətlə bitirən məzunların sayı 478 nəfərdir.

Dövlət hesabına xaricdə təhsil alan gənclərimizdən xarici ölkələrdə qalıb təhsilini növbəti səviyyələr üzrə davam etdirən və ya nüfuzlu beynəlxalq təşkilat, şirkətlərdə aparıcı mövqelərdə çalışanlar var.

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrlə nazirlik arasında imzalanan müqaviləyə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.11.2008-ci il tarixli, 261 saylı qərarı ilə təsdiqlənmiş) uyğun olaraq həmin gənclər məzun olduqdan sonra vətənə qayıtmalı və Azərbaycanda özəl və ya dövlət sektorunda 5 il müddətinə çalışmalıdırlar.

Bu ilin may ayının 20 - nə olan məlumata görə, 478 məzundan 118 nəfəri ölkəyə qayıtmayıb. 342 nəfər isə təhsilini başa vuraraq Azərbaycana dönüb. 18 nəfərin hazırda ölkədə olub - olmaması və iş yeri barədə nazirliyə məlumat təqdim edilməyib. Qayıtmayanlardan 34 nəfəri təhsilini öz hesabına, 51 nəfər isə Dövlət Proqramı çərçivəsində davam etdirir, 33 nəfər isə xaricdə çalışır. Qayıdan məzunlardan 204 nəfəri Azərbaycanda çalışır, 7 nəfər hərbi xidmətdədir, 131 nəfər isə iş yeri barədə məlumatı nazirliyə təqdim etməyib.

Elnarə
AzNews.az