Bakıda “Dəyişən Tezliklər“ konfransı keçiriləcək

İyunun 8-də Bakıda TEDxBakı "Dəyişən Tezliklər" konfransı keçiriləcək. Amerika səfirliyinin və Bakcell-in sponsorluğu ilə İzmedia Qrupun təşkil etdiyi tədbir "Jazz Center"də gerçəkləşdiriləcək.

TEDxBakı-nın kuratoru İdris Heydərli AzNews.az-a açıqlamasında bildirib ki, "Ted" qlobal intellektual şəbəkədir. Burada ideyalar, fikirlər, şəxsi hekayələr, bir sözlə, fərqli dəyərlər paylaşılır. İndiyədək dünyadakı ən böyük ideyalar məhz bu şəbəkədə yayılıb:

"Dünyada artıq 30 ildir ki, alimlər, siyasətçilər, sahibkarlar, mədəniyyət xadimləri və onlarla digər ixtisas sahiblərini bir arada birləşdirən TED - Technology, Entertainment, Design adlı konfrans keçirilir. Bölüşməyə dəyər fikirlər (Ideas Worth Spreading) ruhlu TED təcrübəsinin insanlar arasında yayılmasına xidmət edən və yerli imkanlardan yararlanan TEDx proqramı 2009-cu ilin mayından etibarən dünyanı dolaşmaqdadır. İndiyənədək planetin yüzlərlə şəhərlərində müstəqil TEDx tədbirləri keçirilmiş və bu təşəbbüslər durmadan artır. Proqram 2010-cu ildən Azərbaycanda da fəaliyyət göstərir. Təbliği və yayılması məqsədi ilə hər hansı iş görməsək də, 1 milyondan artıq izləyicimiz var".

Ruhiyyə
AzNews.az