Evsiz jurnalistlərin siyahısı təsdiqləndi

"Artıq 10 redaksiyada jurnalistlər üçün tikilən binadan mənzil almaq istəyən namizədlərin müəyyənləşdirilməsi üçün iclas keçirilib".

Bu sözləri modern.az-a açıqlamasında Mətbuat Şurasının icraçı direktoru Rəhim Hüseynzadə deyib. O, qeyd edib ki, Mətbuat Şurası jurnalistlər üçün tikilmiş çoxmərtəbəli evin mənzillərinə namizədlərin müəyyənləşdirilməsi üçün redaksiyalara göndəriləcək məktubları tərtib edib.

"Redaksiyalardan baş redaktorlar və ya səlahiyyətli bir şəxs gəlib, qol çəkib həmin məktubları götürüblər. Artıq yerlərdə namizədlərin seçilməsi üçün iclaslar keçirilir".

R. Hüseynzadə qeyd edib ki, həmin 10 redaksiyada iclaslar Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin iştirakı ilə keçirilib.

"Burada məqsəd iclasların demokratik keçirilməsinin, kollektiv içərisində ən çox kimin ehtiyacı olduğunu müəyyənləşdirilməsi və onun namizədliyinin necə irəli sürüldüyünün şahidi olmaqdır. Həmin redaksiyalardan namizədlər irəli sürülüb, sənədlər protokollaşdırılıb və Mətbuat Şurasına təqdim edilib".

Mətbuat Şurasının şərtlərinə görə, son 3 ildə mütəmadi olaraq yayımlanan KİV (qəzet, jurnal, informasiya agentliyi və internet xəbər portalı) həmin redaksiyada 3 il fəaliyyət göstərmiş və ümumilikdə 10 il jurnalistlik təcrübəsinə malik əməkdaşlarının adlarını namizəd kimi irəli sürə bilər.
Gündəlik qəzetlər və informasiya agentlikləri 3-dək, həftəlik qəzetlər, jurnallar və xəbər portalları 1 namizəd müəyyənləşdirə bilər.

Evsiz jurnalistlərlə bağlı sənədlər redaksiyalar tərəfindən Mətbuat Şurasına təqdim olunmalı, Şura isə öz növbəsində həmin materialları Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına göndərməlidir.

AzNews.az