“Azəryolservis” ASC-nin sədri Ağsu aşırımını “təmizləmə”yə başlayır “Azəryolservis” ASC-nin sədri Ağsu aşırımını “təmizləmə”yə başlayır

Cavid Qurbanov oliqarxların restoranlarını sökdürür – ÖZƏL

“Azəryolservis” ASC-nin sədri Ağsu aşırımını “təmizləmə”yə başlayır


"Ağsu aşırımındakı əksər restoranlar və istirahət mərkəzləri söküləcək. "Azəryolservis" ASC-nin sədri, deputat Cavid Qurbanov bu barədə artıq son danışıqları aparır". Bu barədə AZNEWS.AZ-a daxil olan məlumatda deyilir.

Mənbənin sözlərinə görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 143-154-cü kilometrliyində yerləşən əksər iaşə obyektləri sürüşmə təhlükəsi yaratdığı bəhanəsilə söküləcək.

Aşırımda tez-tez sürüşmə hallarının baş verməsində bu obyektlərin də rolunun olduğu haqda Qurbanovun yuxarılara məruzə etdiyi deyilir: "O, bildirib ki, bu obyektlərdən axan kanalizasiya suları onsuz da həssas olan Ağsu aşırımından keçən yolda böyük fəsadlar törədir".

Mənbənin dediyinə görə, Cavid Qurbanov hər il sürüşməyə qarşı tədbirlər görmək məqsədilə ayrılan böyük vəsaitlərin nə üçün effekt vermədiyinin soruşulacağını bildiyindən indi bu istiqamətdə əməli fəaliyyətə keçib.

Mənbə deyir ki, "pereval"dakı "Ağsu" İstirahət Mərkəzi, "Şərədil" restoranı və eyni adlı istirahət məkanı, "Gülüstan" restoranı, habelə daha 30-a yaxın kafe və restoran buldozerin altına veriləcək.

Məlumata görə, oradakı digər restoranların sahibi Əmək və Əhalinin Sosial Müdafiə naziri Fizuli Ələkbərovdur. Söküləcək obyektlərin yüksək vəzifəli məmurlara aid olduğunu nəzərə alsaq, görünür, Cavid Qurbanova ən yüksək səviyyədə belə bir addım atmaq barədə razılıq veriblər. Mənbə iddia edir ki, əks halda "Azəryolservis" ASC-nin sədri oliqarxlarla üz-üzə gəlməyə cəsarət etməzdi.

Məlumatda o da bildirilir ki, C.Qurbanov hakimiyyətin yuxarı dairələrini bu söküntünü həyata keçirmək üçün xeyli əsaslı arqument irəli sürüb. Belə ki, mənbənin iddiasına görə, seçki ilində hakimiyyət əleyhinə söz gətirən bütün qurumlara ciddi tapşırıq verilib ki, hansı vasitə ilə olur-olsun, mənfi fəsadlar törədən hallar dərhal aradan qaldırılsın. Bildirilir ki, C.Qurbanovun rəhbərlik etdiyi ASC-də Nəqliyyat Nazirliyinə ən çox söz gətirən qurumdur. Belə ki, ölkə ərazisindəki yol tikintisi işlərini həyata keçirən bu qurumun fəaliyyətinin yarıtmazlığı hakimiyyət dairələrini də narahat edən əsas məqamlardandır.

Mənbənin sözlərinə görə, C.Qurbanov da məhz öz idarəsinə söz gətirən əsas problem kimi oliqarxların yeni çəkilən magistral yolların kənarlarındakı oliqarx obyektləri olduğu barədə özündən yuxarılara inandırıcı arqumentlər gətirib. Məlumata görə, ASC sədri Ağsu aşırımında asfalt örtüyünün tez-tez sıradan çıxmasının əsas səbəbi kimi burada fəaliyyətin göstərən obyektləri göstərib. Bu səbəbdən də həmin obyektlərin sökülməsinin vacibliyini qeyd edib.

Hakimiyyətdə C.Qurbanova bu barədə razılıq verəcək şəxslər də seçki ilində əleyhlərinə işləyən məsələlərdə güzəştə getmək lazım olmadığını düşündükləri üçün ASC sədrinə bəhs olunan obyektlərin söküntüsü üçün icazə veriblər. Mənbə onu da qeyd edir ki, bu məsələdə hakimiyyətə xal gətirəcək başqa bir arqument də həmin obyektlərin məmurlara məxsus olduğunu bilən yerli əhalinin qarşısında müsbət imic qazanmaq olacaq.

Oğuz
AzNews.az