Nazir kimi işdən qovdu?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin bu gün yaydığı məlumata görə, Bakı şəhərinin bir sıra rayonlarında, xüsusilə də Xətai rayonu ərazisində yaşıllıqların qanunsuz məhv edilərək yerində tikinti işlərinin aparılması, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinin pozulması əsas gətirilərək paytaxtda ətraf mühitin mühafizəsinə cavabdeh olan Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departametinin rəhbəri və digər məsul şəxslər tutduqları vəzifədən azad ediliblər.

Amma xəbərdə kimin işdən azad edildiyi, yerinə yeni təyinatın olub-olmadığı göstərilməib.

Modern.az saytı daha aydınlıq olsun deyə, bunları dəqiqləşdirməyə çalışıb.

Məlum olub ki, Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinə yeni rəhbər artıq təyin olunub. Bu barədə saytımıza sözügedən qurumdan məlumat verilib. Qeyd edilib ki, işində yol verdiyi nöqsanlara görə Departamentin direktoru Mürsəl Əliyev hələ 20 gün öncədən işdən çıxarılıb. M.Əliyev uzun illər idi ki, bu vəzifədə çalışırdı.

Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentin direktoru vəzifəsinə Əlişah Rəcəbov təyin edilib. Bundan əvvəl Ətraf Mühitin Mühafizəsi Departamentinin 1 saylı Lənkəran Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin müdiri işləmiş Əlişah Rəcəbov artıq 20 gündür yeni vəzifəsinin başındadır.

Qeyd edək ki, Bakı şəhərinin bir sıra rayonlarında, xüsusilə də Xətai rayonu ərazisində yaşıllıqların qanunsuz məhv edilərək yerində tikinti işlərinin aparılması, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinin pozulması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş şikayətlər Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Xidməti ərazilərdə ekoloji qanunvericiliyin pozulmasına, xüsusilə yaşıllıqların məhv edilməsinə qarşı zəruri tədbirlər görülməməsinə, məlumat və şikayətlərin vaxtında araşdırılmamasına görə Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentin rəhbəri M. Əliyev və digər məsul şəxslər tutduqları vəzifədən azad ediliblər.

AzNews.az