Heydər Əliyev haqqında bədii filmlər çəkilsin – Təklif

"Milli Qurtuluş və Heydər Əliyevin tarixi rolu barəsində bədii film çəkilməsinə ehtiyac var".

AzNews.az-ın məlumatına görə, bu təkliflə hakim Yeni Azərbaycan Partiyasının deputatı Aydın Mirzəzadə çıxış edib.

O bildirib ki, bir neçə gündən sonra 1993-cü il iyun hadisələrinin və Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlməsinin 20 ili tamam olur: "Həmin dövrdə Heydər Əliyev kimi təcrübəli siyasətçinin siyasi hakimiyyətə gəlməsi xalqı ağır fəsadlardan qurtardı. Onun zəngin idarəçilik təcrübəsi, uzaqgörən siyasəti, güclü müasirlik duyumu tədricən Azərbaycanı ağır vəziyyətdən xilas etməyə imkan verdi".

A.Mirzəzadə sözlərinə görə, həmin dövrdən artıq böyük bir zaman keçib və həyatda həmin hadisələri ancaq böyüklərin söhbətlərindən, arxiv kino lentlərindən bilən bir nəsil yetişib: "Bu baxımdan 1993-cü il iyun hadisələri, dövrün ağırlığı haqqında bədii filmlərin çəkilməsinə böyük ehtiyac var. Filmlərdə ulu öndər Heydər Əliyevin tarixi hadisələrdə böyük rolu mərkəzi süjet olmalı, insanlar bədii təsvirlə dövr haqqında daha dolğun təsəvvürü əldə edə bilməlidirlər".

Deputat bildirib ki, dünyanın bir çox ölkələrində tarixi dövrlər və milli liderlər barəsində zəngin süjetli, güclü bədii təsvirli, baş qəhrəmanın xarakterini tam açan filmlər çəkilir və buna böyük əhəmiyyət verirlər: "Ölkəmizin bunu etmək üçün maddi imkanı, güclü ssenaristlər və təcrübəli rejissorları var".

Anar
AzNews.az