Seymur Verdizadə Seymur Verdizadə

Ağacda yatan jurnalist

Seymur Verdizadə




Sərdar Əsəd öz dövrünün ən istedadlı şairlərindən biri olub. Məmməd Araz, Əli Kərim kimi ölməz söz adamları ilə dostluq etməsi də onun qeyri-adi istedad sahibi olduğunu sübut edir.

Təxminən 13-14 il əvvəl Sərdar Əsədin həyat yoldaşı Tükəzban Əsədovadan müsahibə götürmüşdüm. Söhbət əsnasında Tükəzaban xanım demişdi ki, uzun illər kirayədə yaşadıqları üçün şəxsi mənzil alanda hamıdan çox Sərdar sevinirmiş. O, hər gün dostlarını evinə dəvət edər, yazı-pozu adamlarının iştirakı ilə məclis düzəldərmiş. Qələm dostlarının işi olanda isə küçədən keçən tanımadığı bir adamı çəkə-çəkə evinə gətirər, onu xanımının bişirdiyi ləziz yeməklərə qonaq edərmiş. Tükəzban xanım narazılıq edəndə isə belə deyərmiş: "Qoy, hamı görsün ki, Sərdarın da evi var..."

Bəli, evi olmaq o qədər gözəl duyğudur ki, hətta Azərbaycanın ən istedadlı adamları da bunu gizlədə bilmirlər...

Bütün canlıların öz yuvası, obrazlı desək, öz "evi" var. Hətta ovcumuzun içində gizlədə bildiyimiz balaca sərçə də özünə yuva qurur. Amma Azərbaycan jurnalistlərinin böyük əksəriyyətinin evi yoxdur; onlar ya kirayədə yaşayır, ya müvəqqəti olaraq hansısa yataqxanada məskunlaşıblar, ya da yaxın qohumlarının qoltuğuna sığınıblar. Bakının Səbail rayonu ərazisində inşa olunmuş 17 mərtəbəli bina istifadəyə veriləndə 156 jurnalist mənzil sahibi olacaq. Amma Azərbaycanda mənzilə ehtiyacı olan jurnalistlərin sayı bu rəqəmdən ən azı 10 dəfə çoxdur. Hələ mən həmin 156 mənzilin hamısının ehtiyacı olan jurnalistlər arasında bölüşdürüləcəyinə də inanmıram. Eşitdiyimə görə, evi, mülkü olan bəzi baş redaktorlar qayınanalarının, qayınlarının və baldızlarının adlarını mənzil almaq üçün Mətbuat Şurasına təqdim ediblər. Qırx-əlli min manatlıq maşın sürən adamlar da utanmadan dövlətdən ev istəyirlər. Gəlin, ümid edək ki, Mətbuat Şurası bu cür neqativ halların qarşısını alacaq və ölkə başçısının şəxsi təşəbbüsü ilə tikilən mənzillərin evə ehtiyacı olan jurnalistlərin arasında bölüşdürülməsinə nail olacaq.

Son illər Bakıətrafı qəsəbələrdə yüzlərlə yaşayış massivi salınıb. Azərbaycanın müxtəlif rayonlarında yaşayan tanışlarımın əksəriyyəti Bakıda özünə ev tikib. Beyləqanda, Biləsuvarda çoban işləyən qohumlarımın Bakıda imarətləri var. Üç il əvvələ, yəni şəxsi mənzil sahibi olana kimi bu adamlar hər dəfə qarşılaşanda məndən soruşurdular: "Niyə ev almırsan?"

Cavabım həmişə standart olurdu: "İmkanım yoxdur".

Dərhal mənə "ağıl öyrətməyə" başlayırdılar: "Binədə torpağın bir sotu 600 manatdır. Əvvəlcə 3 min verib, 5 sot torpaq al. Sonra da yavaş-yavaş tikərsən".

Fikrə getdiyimi görəndə isə ürək-dirək verirdilər: "Yeddi min manatın olsa, ikiotaqlı ev tikə bilərsən".

Bir bəhanə ilə bu adamlardan canımı qurtarmaq istəsəm də, onlar məndən əl çəkmirdilər: "Torpaqla birlikdə ikiotaqlı ev üstünə 10 min manata başa gələcək. Yəni, 10 ildə on min manat atrıra bilməmisən?"

Həmin adamları bu gün də inandıra bilmirəm ki, jurnalistin qazancı ailəsinin gündəlik qayğılarına güclə çatır. Amma mənə inanmadıqları üçün onları heç vaxt qınamıram. Sadəcə olaraq, özümün və qələm dostlarımın halına acıyıram...

Bir daha təkrar edirəm: jurnalistlərin dövlət hesabına mənzillə təmin olunması nəcib təşəbbüsdür. Amma çalışmaq lazımdır ki, jurnalist həm də öz maaşı ilə ev ala bilsin. Jurnalist quş deyil ki, ömrünü ağacda başa vursun. Yuxarıda da qeyd etdiyimiz kimi, hətta ən aciz quş sayılan sərçənin də öz yuvası var. Yəni, biz sərçə qədər də olmadıq...

Qafqazinfo.az