22:15
(077) 610-22-33

“Magistrlara hərbi xidmət möhləti verilsin“

  • >
404 13 İyun 2013 12:42 | Cəmiyyət

Millət vəkili Qənirə Paşayeva parlamentin növbədənkənar sessiyasının iyunun 13-də keçirilən ilk plenar iclasında çıxışı zamanı ali məktəblərin bakalavr pilləsini bitirib, magistratura pilləsinə daxil olmaq istəyən və magistr adını qazanan oğlan tələbələrə hərbi xidmətdən möhlət hüququnun verilməsi təklifini irəli sürüb.

Magistrlərə və magistraturaya daxil olmaq istəyən bakalavrlara hərbi xidmətdən möhlət hüququnun verilməsi vacibdir deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, bu yöndə ona da həm Azərbaycanda, həm də Azərbaycandan kənarda təhsil alan oğlan tələbələr və onların ailə üzvləri tərəfindən tez-tez müraciətlər olunur.

"Hara gedirəmsə onlar bu məsələ ilə bağlı müraciət edirlər və bildirirlər ki, magistratura pilləsinə daxil olmaq və magistraturada oxumaq üçün hərbi xidmətdən möhlət hüququ məsələsinin öz həllini tapması çox vacib və əhəmiyyətlidir. Həmin tələbələr xüsusilə, mətbuatda müxtəlif şəxslərin bu mövzuda fərqli fikirlər səsləndirdiklərini və onlarda çaşqınlıq yarandığını qeyd edirlər. Deyirlər ki, dərs ili başa çatıb və biz artıq bilmək istəyirik ki, bu məsələ ilə bağlı vəziyyət tam olaraq necə olacaq. Magistraturaya daxil olmaq istəyənlərə və magistrlərə möhlət hüququ veriləcək, yoxsa yox. Ona görə də xahiş edirəm ki, cəmi 1 iclasımız qalır və həmin vaxta kimi magistratura pilləsinə daxil olmaq istəyən və magistr adını qazanan oğlan tələbələrə hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı qanunvericilikdə dəyişiklikləri nəzərdə tutan əlavə və dəyişikliklər hazırlansın və sonuncu iclasda müzakirəyə çıxarılaraq qəbul edilsin. O gənclər hərbi xidmərdən yayınmırlar və yayına da bilməzlər. Sadəcə təhsillərini ara vermədən davam etdirib, magistraturanı bitirdikdən sonra hərbi xidmətə yollanmaq və vətən qarşısında borclarını yerinə yetirmək istəyirlər. Təhsildə fasilə yaranmasının sonra onun keyfiyyətinə və bəzi hallarda gənclərin sonradan onu davam etdirmə həvəsinə mənfi təsir göstərməsini nəzərə alaraq hesab edirəm ki, bu addım gənclərin yüksək təhsil pilləsinə daha çox meyllənməsinə öz müsbət töhfəsini verər. Bunun özü, yəni, həmin oğlan tələbələrə magistratura pilləsində təhsillərini davam etdirmələri və Azərbaycan elminə töhfə vermələri üçün çox məqsədəuyğun bir addım olardı. Ümid edirəm ki, bu məsələ tezliklə öz müsbət həllini tapacaq."

AzNews.az
Bağla X