Cavabı Azərbaycan versin!

Bəhruz


Məktəb dövründə çox çalışıb-vuruşuruq, min cür əziyyət, həyəcan hesabına universitetə hazırlaşırıq. Bəzilərimiz arzularımıza çatırıq, bəzilərimiz isə... Məktəb bitir, biz isə sanki qayanın başında dayanırıq. Bir tərəf uçurum - sonunda ölüm görünən bir dərə, bir tərəf isə qumsal - dərinliyi, çətinliyi bilinməyən bir yer. Hansı tərəfi seçəsən?! Əksəriyyətimiz qumsal görünən, sonu bilinməyən yeri seçir, ona doğru addımlayırıq.


Görünüşü yaxşı dediyimiz universitet həyatıdır. Çox həvəslə bu həyata atılırıq. "Mən artıq tələbəyəm", "Universitetdə yeni həyat qazanacağam" deyə özümüzü sevindiririk. Ən həvəsli vaxt universitetdəki ilk gün olur. Rektor, müəllimlər, dekanlar o qədər məsum, düzgün, savadlı, əzbərdən danışırlar ki, sevincimizdən həyəcanlanırıq, məsuliyyətimiz artır. Böyük həvəslə dərslərə başlayırıq. Ancaq bu bəxtəvərlik uzun sürmür, cəmi bir neçə ay. Bu aylarda hər şey bizə o qədər sadə və maraqlı gəlir ki… Bu bizim seyrək qumda atdığımız ilk addımdır. Yavaş-yavaş imtahanlar yaxınlaşır, həyəcanla imtahanı gözləyirik. Amma birdən qulağımıza yuxarı kursların tələbələrinin bəzi-bəzi söhbətləri çatır. O sözlərdən anlayırıq ki, onlar kitablardan yox, müəllimlər və manatlardan danışırlar. "O, 70, o biri 100, digəri 120..."

Birinci kursun məsum tələbələriyik, danışılanların bizə aid olmadığını düşünürük. Yanıldığımızı anlamağımız uzun sürmür… Və bir gün qrup nümayəndəsi dekanın əmrini auditoriyada elan edir: "Dekan dedi ki, hər şey onun əlindədir. Yəni hesabata başlayın!" Deyilənlərə inanmırıq. Üz tuturuq müəllimlərə. Bu dəfə də eşitdiyimiz bu olur: "Dekan dediyinin yarısını mənə ver, hər şey həll olunacaq". Bu da bizə ilk gün məsum və təmiz görünən müəllim(lər). Sanki, bazardasan: alan da, satan da məlumdur – müəllimdir!

Tələbələr arasında çaxnaşma başlayır. Qorxanlar pul axtarışına çıxır, biliyinə güvənənlər naümid şəkildə imtahana hazırlaşırlar.

...Nəhayət imtahan günü. Dodağının altında fit çala-çala girdiyi imtahan otağından 10 dəqiqə sonra çıxır. Həyəcandan sifətləri ağaranlar isə otaqda dayanmadan nəsə yazırlar. Çox keçmədən cavab gəlir ki, yazanlar yox, fit çalanlar keçib. Bu dəfə yenə üz tutursan müəllimə. Verdiyin suala cavabı bu olur: "Bax, burada vergülü səhv qoymusan, sətirdən-sətrə düz keçirməmisən, burada qaralama var. Sən axı tələbəsən, gələcəyin kadrı olacaqsan, ölkəmizin gələcəyi sənin əlindədir. İndidən belə səhvlər etsən, sonrası nə olacaq? Ona görə də sənə sıfır yazıram".

Beləliklə, ilk smestrdə aldığın zərbənin təsiri özünü ikinci smestrdə də göstərir. Bundan sonra artıq oxumaq, gələcəyin ixtisaslı kadrı olmaq barədə yox, haradasa işləyib imtahan pulunu yığmaq barədə fikirləşirsən.

…Getdikcə daha çox quma batırıq. Qazancımız isə bu olur - pulları necə saymaq!

Bu da Azərbaycanda tələbə həyatı...

İndi də qayadan görünən uçurum barədə…

Tələbə ola bilmirsən və vətənin xidmətinə yollanırsan. Buna da böyük həvəslə hazırlaşırsan. Vətən borcunu qaytarmağa səbirsizlənirsən. Təmtəraqla getdiyin hərbi xidmətdə Vətənə yox, komandirə xidmət edirsən. Ehtiyatlı olmalısan, birdən çaşıb "xidməti" səhv edərsən, bununla da vətənə xidmətin bitər və "şəhid"lik başlayar.

… İki yol, ikisi də bir-birindən bərbad sonluq.

… Biz hansı yolu seçək?
… Cavabı Azərbaycan versin!