Qumarxana təşkil edən şəxslər həbs edildilər

Bu gün Bakı Apellyasiya Məhkəməsində mənzillərdən birində qanunsuz qumarxana təşkil etməkdə təqsirli bilinən Ramiz Ərəbxanov və Cəlil Süleymanovun barəsində cəzanın ağırlaşdırılması ilə bağlı Baş Prokurorluğun apellyasiya protestinə baxılıb.

Trend-in məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması ilə bağlı Baş Prokurorluğun protesti təmin edilib və Nəsimi rayon məhkəməsinin hökmü dəyişdirilib.

Təqsirləndirilən şəxslər barəsində olan Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi birinci məhkəmə instansiyasının hökmündən xaric edilib. Məhkəmə Ramiz Ərəbxanova 3 il 7 ay 10 gün, Cəlil Süleymanova isə 3 il 9 ay 22 gün azadlıqdan məhrumetmə cəzası təyin edib. Hər iki təqsirləndirilən şəxs məhkəmə zalında həbs ediliblər.

İttihama görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxslərin Nəsimi rayonu, Cavadxan küçəsindəki evlərin birində qumarxana saxlamaları müəyyən edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 244-1.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən qumarxana təşkil etmə və ya saxlama) maddəsi ilə ittiham ediliblər. Təqsirləndirilən şəxslərin işinə Nəsimi rayon məhkəməsində baxılmışdı və onların hər biri Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə şərti cəza almışdılar.

AzNews.az