Hansı müəllimlərə kompensasiya verilir? - Açıqlama

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nömrəli Qərarına əsasən gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunması üçün xüsusi dövlət sifarişi nəzərdə tutulur. Kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrində pedaqoji kadr tələbatının ödənilməsi məqsədilə dövlət sifarişinə əsasən iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti ümumi təhsil müəssisələrində davam etdirən gənc mütəxəssislərə həmin müddət ərzində müəyyən həvəsləndirmə tədbirləri tətbiq edilir. Bu barədə məlumat Təhsil Nazirliyindən verilib.

Naziliyin məlumatına görə, gənc mütəxəssislərə 3 il müddətində ərzində kommunal xidmətlərini ödəmək üçün 40 manat məbləğində kompensasiya verilir. Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətində aylıq əmək haqqına ayda 70 manat əlavə ödənilir. Yol xərci, əmlakın daşınması üçün nəqliyyət xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əmək haqqının 2 (iki) misli həcmində birdəfəlik yardım ödənilir. Bunlardan əlavə , yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına və ipoteka kreditlərinin verilməsinə köməklik göstərilməsi nəzərdə tutulur.

Elnarə
AzNews.az