Həbsdə olan gəncin səhhəti pisləşib

Narkotik ittihamı ilə həbs olunan AXCP Gənclər Komitəsi üzvü Daşqın Məlikov 2 aydan artıqdır ki, Şüvəlan təcridxanasındadır. İkinci qrup əlil olan gənc cəbhəçi astma xəstəliyindən əziyyət çəkir.

Ailəsi "Azadlıq" qəzetinə bildirib ki, havaların isinməsi ilə birlikdə Daşqının xəstəliyi güclənib. Atası Əlisəfa Məlikov deyib ki, həbsxanada şərait yaxşı deyil, ona görə də normal nəfəs ala bilmir.

Gənc fəalın vəkili Əsabəli Mustafayevlə əlaqə saxladıq. O da, Daşqının xəstəliyinin gücləndiyini təsdiq etdi. "Daşqının müalicə vaxtı çatıb. O ildə iki dəfə xəstəxana şəraitində müalicə almalıdır. Məhkəmədə vəsatət vermişdik ki, ümumiyyətlə azadlığa buraxılsın. Xəstəliyi ilə bağlı arayışları da məhkəməyə təqdim etmişik. Lakin, məhkəmə vəsatəti təmin etmədi.

Əslində Daşqının müalicəsi üçün həbsxana rəhbərliyinə müraciət etməməliyik. Rəhbərlik onun vəziyyətinin pisləşdiyini görüb müalicə üçün şərasit yaratmalıdır. Lakin, görünür bunu etmək istəmirlər. Onda biz məcbur qalırıq ki, müraciət edək. Tezliklə bu müraciəti edəcəyik. Ümid edirəm ki, həbsxana rəhbərliyi müraciətimizi nəzərə alacaq."

Xatırladaq ki, Daşqın Məlikov martın 25-də Sumqayıtda saxlanılıb. Şəhər polisi onu əvvəlcə üzərində saxta pul tapıldığı üçün saxladığını bildirib, lakin sonradan ona qarşı narkotik maddə saxlama ittihamı irəli sürülüb. D. Məlikova Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) maddəsi ilə cinayət işi açılıb. Barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

AzNews.az