19:33
(077) 610-22-33

Deputatın qətl törədən qardaşı oğlu ifadə verdi

  • >
451 18 İyun 2013 19:10 | Cəmiyyət

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rəşad Mirələmovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxs ifadə verib. R. Mirələmov ifadəsində Ramal Bayramovu özünü müdafiə edərkən öldürdüyünü, Səməd Mənsimov və Elmar Süleymanovu isə ehtiyatsızlıqdan yaraladığını bildirib. O, həmçinin qeyd edib ki, hadisədən bir neçə gün sonra istintaqa könüllü təslim olub: "İstintaq materiallarında bu məqam əksini tapmayıb. Lakin mən bir daha qeyd edirəm ki, hadisədən bir neçə gün sonra mən vəkil Kamandar Nəsibovun ofisinə gəldim və onunla bir yerdə Yasamal Rayon Prokurorluğuna gedərək təslim oldum. Mən təslim olarkən əmim, deputat Hüseynbala Mirələmov da orada idi".

Təqsirləndirilən şəxsin ifadəsindən sonra dövlət ittihamçısı ona suallar ünvanlayıb. Sualların təkrar-təkrar səsləndirildiyini görən hakim Cavid Hüseynov dövlət ittihamçısına etirazını bildirib. Bu zaman zərərçəkən tərəf hakimə etiraz edib.

Proses iyunun 27-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin hadisə ilə bağlı yaydığı məlumata görə, 17 iyul 2012-ci il tarixdə paytaxtın Səbail rayonu ərazisində fəaliyyət göstərən "1001 gecə" istirahət mərkəzində ölümlə nəticələnən insident baş verib. İstintaq zamanı Rəşad Mirələmovun "Makarov" markalı tapança ilə Ramal Bayramovu qəsdən öldürməsi, Səməd Mənsimov, Elmar Süleymanov və qeyrilərini qəsdən öldürülməyə cəhd etməsi müəyyən olunub. O, Cinayət Məcəlləsinin 120.2.4, 120.2.5, 120.2.10, 120.2.11, 29, 120.2.7 (qəsdən adam öldürmə), 182.2.3, 182.2.4, 182.3.2, 182.3.3 (hədə-qorxu ilə tələb etmə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilir.

Qeyd edək ki, R. Mirələmov deputat Hüseynbala Mirələmovun qardaşı oğludur.

AzNews.az
Bağla X