Penitensiar Xidmət: “Biz qanunsuzluq etməmişik” – Çəkişmə

"Biz heç bir qanunsuzluq etməmişik. Məhkəmə olacağı halda da hüquqşünaslarımız prosesdə iştirak edib, mövqeyimizi izah edəcək və qanunsuzluq etmədiyimizi aydınlaşdıracaqlar".

Bu sözləri AzNews.az-a açıqlamasında Penitensiar Xidmətin informasiya şöbəsinin rəhbəri Mehman Sadıqov deyib. O, "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansının Ədliyyə Nazirliyi Penitensiar Xidmətini məhkəməyə verməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

M.Sadıqov bildirib ki, adı çəkilən təşkilat dövlət qeydiyyatından keçmədiyi üçün hüquqi şəxs statusu daşımır, buna görə də onların həbsxanalarda monitorinq keçirmək tələbinin yerinə yetirilməsi mümkün deyil.

M.Sadıqovun sözlərinə görə, alyansın Penitensiar Xidmətə ünvanladığı sorğularda qurumun xidməti məsələlərinə aid olan məsələlər olub, buna görə də Penitensiar Xidmət həmin sorğularda tələb olunan rəqəmləri açıqlamaqdan imtina edib: "Biz, məhkəmədə öz haqlı mövqeyimizi müdafiə edəcəyik. Adı çəkilən təşkilata da təklif etmişik ki, dövlət qeydiyyatından keçsinlər və biz bundan sonra onların həbsxanalarda monitorinq keçirməklə bağlı müraciətlərinə münasibət bildirək".

Qeyd edək ki, "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansı Penitensiar Xidmətə ünvanladığı sorğuların cavablandırılmaması iddiası ilə məhkəməyə müraciət edib. İş 1 saylı Bakı İnzibati İqtisadi Məhkəmədə icraata götürülüb. İşə hakim Şərafət Məmmədova baxacaq. Artıq iddia ərizəsi ilə bağlı məhkəmə tərəflərə rəsmi bildiriş göndərib. Yaxın günlərdə məhkəmə prosesinin başlanacağı gözlənilir.

Anar
AzNews.az