Pis olmaq



Qonşuluqda bir deputat yaşayır. Məhəlləyə gələn ilk gündən hamıdan şikayət etməyə başladı. Məndən yazmışdı ki, uşaq maşını cızıb. Qonşudan - maşını onun yolunu kəsdiyinə görə. Binanın altında olan kafedən - kabab iyi gəldiyinə görə. İkinci mərtəbədə yaşayan Gülnazgildən isə bayıra paltar sərdiyinə görə.

70-80-ci illərdə məhəllədə tikilən qarajların sökülməsi üçün icra hakimiyyətinə müraciət etdi. Bəzilərini sökdürdü.

Qonşunun su borusunun yerini dəyişdirdi ki, maşını rahat keçmir. Kababxananın məhəlləyə açılan qapısını bağlatdırdı, kababçılar çirkli döşlükdə həyətdə görünməsinlər deyə. Həm də yanında olan tualeti ləğv etdirdi. Yeri gəlmişkən, axşamlar pivədən sonra özünü saxlaya bilməyənlər indi qarajların arasına gedirlər.

Əvvəlcə "xlor var, xlor", sonra "süd var süd, qatıq var, qatıq" deyənlər məhəlləmizdən üz döndərdilər. Yay aylarında əncir, tut, gilas, payıza doğru zoğal satanlar tanıdıqları qapılara gəlməyə başladılar...

Məhəllədə onun adından hədə-qorxu gələnlər peyda oldular. Maşını düzgün saxlamayanlar, hündürdən danışanlar, futbol oynayan uşaqları qorxutdular. Uşaqlarla dolu həyətimizin gur səsini radio kimi azaltdılar. Məhəlləmiz tədricən yaşayış yerindən inzibati bir binaya çevrilməyə başladı. Bu inzibati binada yerləşən idarənin rəhbəri, rəhbərin əsabələri, ayrı-ayrı idarələrdə işləyən adı insanlar...

İnsaflı olaq, onun şikayətlərinin bəlkə də çoxu əsaslı idi, hətta məndən etdiyində də. Əgər uşaq həyətdə oynayırsa, maşınların arasından velosiped sürürsə, demək maşını cızması tam mümkün idi.

Parlament iclaslarının TV xülasəsində bu insan çox nəcib görünürdü . Məhəlləmizdə hamının ehtiyat etdiyi bir əjdaha parlamentdə necə bir məsum sifətlə susurdu. Susqunluq riyakarlığı gizlətməyin ən bariz yoludur, sən demə...

O məhəlləyə girəndə görənlər gizlənir, görməyənlər xətadan sovuşmuş kimi rahat nəfəs alırdılar.

Bu səhər onu gördüm. Məhəllənin çıxacağında rastlaşdıq. Salam verdim. Bizim adamların sifəti hətta düşünməyəndə də ciddi olur... Gözəl, günəşli bir sübh havası olmasına baxmayaraq kefsiz idi.

- Salam, necəsiniz? - soruşdum.
- Babat, - yorğun halda dedi, mənə baxdı, - elə bildim kirayədə qalan türklərdənsiz. Tanımadım.
- Hə - dedim. - Mən də elə bildim ki, siz artıq burdan köçmüsüz.
- Hara köçəcəm ki, mənim elə olan evim buradı. Həkim deyir ki, gəzmək lazımdı. Bulvara gedirəm. Deyirlər səhərlər hamı orda gəzir. Məndə gedirəm.
- Hə, yaxşı edirsiz, lazımdı.

Yolu bərabər keçdik. Gözücu ona baxdım. Arıqlamışdı. Sifəti qırışsa da, dodaqlarının qırmızısı eynən əvvəlki kimiydi. Azca açıq sinəsində tikiş izləri görünürdü. O, bulvara tərəf yol aldı. Addımlarını qaranlıqdakı kimi ehtiyatla atırdı...
Arxadan ona baxdım. Çıxmış arıq çiyinləri irəli əyilmiş başı ilə bərabər idi...

Nəyə görəsə, mən bu qadına görə pis oldum...