Məzunların 2-ci Təhsil Forumu keçirilir - Bakıda

Bu gün ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA), Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi (CIE) və Azərbaycan Dillər Universitetinin Amerika Mərkəzinin Təşkilatçılığı ilə məzunların 2-ci Təhsil Forumu keçirilir.

Forumda 24 abstrakt tədqiqat təklifləri təqdim olunub, yalnız 10 tədqiqat işinin davam etdirilməsi dəstəklənib və onların arasından seçilmiş 6 tədqiqat işi qonaqların diqqətinə çatdırılıb. Hər bir tədqiqatda əks olunan mövcud təhsil problemlərinə toxunulub və müvafiq təkliflər təqdim olunub.

Forumu giriş sözü ilə açan Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov qeyd edib ki, qısa bir müddətdə Azərbaycan Təhsil Nazirliyi çox ciddi və vacib islahatlara başlayıb. Bu gün belə bir forumun keçirilməsi Azərbaycanın təhsil sistemində bu islahatların aparılmasının vacibliyini və zəruriliyini bir daha vurğulayır. Bu gün Təhsil Nazirliyinin israrla çox yüksək səviyyədə məntiqli və dünya təcrübəsinə əsaslanan islahatlar aparmaq niyyətini ölkədə ən mütərəqqi qüvvə olan Azərbaycan gəncliyi, Azərbaycan cəmiyyətinin təmsilçiləri, qeyri-hökumət təşkilatları və Azərbaycanın ali və orta məktəblərində işləyən mütərəqqi insanlar birləşərək müzakirə etmək niyyətindədirlər:

"Əminəm ki, bu gün müzakirələr zamanı yeni ideyalar, yeni fikirlər irəli sürüləcək. Azərbaycanın təhsil sistemində islahatlar yüksək səviyyədə aparılacaq və ümumiyyətlə Azərbaycanın inkişafına kömək edəcək".

Təhsil naziri Mikayıl Cabbarov, öz növbəsində bu kimi tədbirlərin davam etdirilməsinin vacib olduğunu vurğulayıb:

"Təhsil və təhsilin gələcəyi hansısa qurumun, şəxsin, dövlət orqanının assosiasiyasının müstəsna səlahiyyəti deyil".

Nazir qeyd edib ki, xaricdə, dünyanın ən yaxşı universitetlərində təhsil alıb vətənə qayıdan gənc nəslin rəyi və töhfəsi bizim üçün böyük əhəmiyyət daşıyır:

"Təhsil ölkə və cəmiyyətin gələcək üçün edə biləcəyi ən yaxşı sərmayə hesab edilir".

Nazir Azərbaycanın inkişafında təhsilin böyük rolunu qeyd edib. O, bu məqsədlərə nail olmaq üçün əsas tələblərdən birinin insan resurslarının inkişafının olduğunu qeyd edib.

Onun sözlərinə görə, təhsil sistemində islahatlara gəldikdə, belə islahatlar və onun nəticələri qısa müddət ərzində özünü büruzə vermir. Orta təhsil sistemində bəzi qəbul olunmaz hallar, xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum uşaqların təhsili üzrə bu və ya digər istiqamətlərdə, həmçinin peşə təhsili sahəsində qısamüddətli nəticələrin əldə edilməsi nəinki labüddür, eyni zamanda mümkündür.//trend//

AzNews.az