Müasir qullar

Avraam Linkolnun tarix üzərindən boylanan əksi ona nəsillərin yaddaşında elə-belə yer qazandırmayıb.


İlk dövrlər ştatların birləşməsində qulların azad edilməsini təhlükə sayan və vətəndaş müharibəsinin risqini düşünən Amerikanın əfsanəvi lideri sonradan bütün formasiyaların mahiyyətini dəyişəcək addımları atmaqdan çəkinməmişdi. O, evlərində muzdla onlara xidmət edən şəxslər daxil hər birinə azadlıq bəxş etmiş, insanlara heç bir silki, irqi və milli ayrıseçkilik qoyulmadan yüksək dəyər verdiyini nümayiş etdirmişdi.

Dünən ABŞ dövlət katibi Con Kerri "dünyada qulların vəziyyəti" haqqında çıxış edərkən bəşəriyyətin keçdiyi inkişaf yolunun nə qədər ziddiyyətli və amansız gerçəklərlə müşaiyyət olunduğunu görməmək mümkün deyildi. Təhkimçilik hüququnun ləğvi və adamların sinfi istismarı ötən yüzildə nəinki azalmayıb, üstəlik, yeni formalarla zənginləşərək artıb.

Kerri bəyan edir ki, Amerika da qul əməyindən istifadədən kənarda qalmayıb və ölkəsində bu sahədə çoxlu problemlər mövcuddur. "Səsi və adları bilinməyən bu adamları doğmalarından başqa heç kəs tanımır və onlara kömək etməmək bəşəriyyətin gələcəyini təhdid edir".

Bəli, həqiqətən də həmin insanların üzərində qurulan cəza alətləri hər bir cəmiyyətin əleyhinə çevrilərək kriminallığı, terroru və sosial gərginliyi artıran başlıca amilə çevrilir.Qullar üzərində qurulan səltənətlər isə daimi ola bilmir və sonu fəlakətlə bitir.

Kimdir qullar və onları müəyyənləşdirən hüquqi kriteriya nədən ibarətdir?

Birinci olaraq belə hesab edilir ki, şəxsin fəaliyyəti zor gücünə təmin edilir və onlar təzyiq altında iradələri əleyhinə işi görməyə məhkum olunur.

İkincisi,hər hansı bir adam elə məkanda yerləşir ki,o öz qərarı ilə vəziyyətini dəyişmək gücünü və imkanını itirir.

Üçücüsü isə belə insanların əməyi son dərəcə aşağı qiymətləndirilir və onlara fiziki mövcudluq şərtindən başqa heç bir hüquq tanınmır.

Belələri dünyada 27 milyon nəfərə çatır.Razılaşın ki, bunlar hələ müxtəlif rəsmi və qeyri-hökümət mənbələri hesabına içtimailəşən statistikadır. Ondan kənarda istismar edilənlər də bura əlavə olunsa, 50 milyondan artıq bir rəqəm alınır ki, bu da böyük bir ölkənin əhalisinə bərabər sayıla bilər.

Kimdir işverənlərin (sözün bütün mənasında) tələsinə düşən qurbanlar və müasir qullar? İlk növbədə müxtəlif əmək miqrasiyasını həyata keçirən qurumlar bu sahədə böyük gəlir götürərək qastarbayterləri əvəzsiz yemə çevirmişlər.Qulların artdığı Rusiyada, yaxud İraqda, o cümlədən Çində, Şimali Koreyada miqrantların istismarı ən dönərli və məsuliyyət yaratmayan işdir. Belə olan təqdirdə ən yüksək hüquqi aktlar və azadlıqlar barəsindəki konvensiyalar deklarativ səslənir. Qul bir ölkənin simasına çevrilir.

Amerikanın 2 əsr əvvəlki tarixi ilə müqayisədə ötən yüzilin 60-cı illərinə qədər davam edən irqi və milli bölücülük,birinci sort xalqlar nəzəriyyəsi onun qara keçmişi olaraq qalmaqdadır. Rezervasiyalara doldurulan hinduların, ictimai nəqliyyatda və idarəetmədə heç bir haqq verilməyən qara dərililərin azadlıq qazanması ilə bu ölkənin yeni bir tarixi dövrü başlayır. Lakin dünyanı qul kimi istismar edənlərin və "qızıl milyard" ideologiyasının sona çatdığını düşünənlər yanılırlar.

Dünyada bütün "QUL"luqlar və kölə zəncirləri hər cür üsyana layiqdir. Təkcə Uca Yaradanın qarşısındakı QULLUQDAN BAŞQA!

İnamından Tanrısı qarşısında əyilən İnsan Ən uca mərtəbədədir!Ona görə qul saxlayanların özü də quldur!

"QUL"durmu, quldurmu?!