İFAD Azərbaycanda yeni layihələr keçirəcək

Kənd təsərrüfatı naziri İsmət Abasov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Konfransının 38-ci Sessiyasında iştirak etmək məqsədilə İtaliyanın Roma şəhərində səfərdədir.



Səfər çərçivəsində nazir İsmət Abasov Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) Roma şəhərində yerləşən mənzil-qərərgahında təşkilatın Yaxın Şərq, Şimali Afrika və Avropa bölməsinin proqram meneceri Abdelhamid Abduli və həmin bölmənin Azərbaycan üzrə proqram meneceri Frits Yepsenlə görüşüb.

Görüşdə nazir İsmət Abasov Azərbaycan üzrə ölkə meneceri vəsifəsinə yeni təyin olunması münasibətilə Frits Yepseni təbrik edərək onun qarşıdakı fəaliyyəti dövründə Azərbaycan və İFAD arasında əməkdaşlığın daha da gücləndiriləcəyinə ümidvar olduğunu bildirib.

Görüş zamanı Azərbaycanın kənd təsərrüfatı sahəsindəki ümumi vəziyyət, prioritetlər və İFAD tərəfindən dəstəyə ehtiyacı olan sahələr barədə fikir mübadiləsi aparılıb.

İFAD-ın prezidenti Kanayo Nvanze ilə görüşündə nazir İsmət Abasov K. Nvanzeni 2-ci dördillik müddətə təşkilatın prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Azərbaycan və İFAD arasında səmərəli tərəfdaşlıq əlaqələrinin qurulmasında cənab K. Nvanzenin səylərinə görə təşəkkürünü bildirib.

Prezident Kanayo Nvanze Azərbaycana Minilliyin İnkişaf Məqsədlərindən birincisi olan 2015-ci ilədək "aclığın yarıya qədər azaldılması"na v 2015-ci ilədək "kifayət qədər qidalanmayan əhalinin yarıya qədər azaldılması" üzrə məqsədə vaxtından tez nail olması ilə əlaqədar verilmiş mükafat münasibətilə nazir İsmət Abasovu təbrik edib.
Nazir İsmət Abasov, həmçinin, Azərbaycanın kənd təsərrüfatının inkişafı, yoxsulluğun azaldılması sahəsindəki nailiyyətlərinin əldə olunmasında Azərbaycan Hökuməti ilə İFAD-ın birgə həyata keçirdikləri layihələrin təqdirəlayiq rolu olduğunu qeyd edib.

Görüş zamanı hər iki tərəf Azərbaycanın kənd təsərrüfatı sahəsindəki ehtiyaclarının ödənilməsi məqsədilə İFAD-ın yeni layihələrinin başlanmasını məqsədəuyğun hesab ediblər. Azərbaycanda İFAD layihələrinin səmərəliliyinin daha da artırılması məqsədilə bir sıra digər məsələlər, o cümlədən layihə çərçivəsində bəzi sahələrin geniləndirilməsi yolu ilə layihədən faydalananların sayının artırılması ilə bağlı məsələlər müzakirə olunub.

Görüşlərdə Azərbaycanın İtaliyadakı səfirliyinin ikinci katibi, Roma şəhərində yerləşən beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndənin müavini Fuad Fərzəlibəyov da iştirak edib.


Elnarə
AzNews.az
image description image description image description