21:40
(077) 610-22-33

Yeni plana əsasən söküləcək ərazilər - Siyahı

  • >
8 845 22 İyun 2013 10:43 | Cəmiyyət

Uzun müddətdir ki, danışılan Böyük Bakının Regional İnkişaf Planı iyul ayında müzakirələrdən sonra təsdiq üçün təqdim olunacaq.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmiləri hazırda plan üzərində işlərin davam etdirildiyini deyirlər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev Modern.az saytına bildirib ki, Bakının baş planı ilə bağlı iyul ayında yenidən rəsmi müzakirə olacaq.

"Bakının yeni baş planının üzərində tamamlama işləri gedir. Aidiyyəti nazirliklərə, dövlət qurumlarına, böyük təsərrüfat subyektlərinə baş planın konsepsiyası haqqında sənədlər göndərilib və onlardan təkliflər yığılır. İyul ayında Bakının baş planının yenidən rəsmi müzakirəsi olacaq.

Həmin müzakirədə hansı təkliflər səsləndirilərsə, irəli sürülərsə, həmin təkliflər əsasında dəqiqləşmələr aparılacaq və Böyük Bakının Regional İnkişaf Planı təsdiq üçün təqdim olunacaq".

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, "Böyük Bakının Regional İnkişaf Planı"nın əsas məqsədi (BBRİP) Böyük Bakının layihə ərazisinin mövcud vəziyyətinin iqtisadi və ekoloji analizləri əsasında Abşeron regionun yaxın 20-30 ildə əsas planlaşdırma sxeminin hazırlanması və qəbul olunmasıdır.

Həmçinin, layihədə şəhərin şəhərsalmasının idarəetmə sistemini işləyib hazırlamaq və təklif etmək planlaşdırılır.

Bu planda 2030-cu ilə qədər perspektivlərin inkişafı proqnozlaşdırılacaq. Yəni yeni baş plan 2030-cu il müddətinədək dövrü əhatə etməlidir.

"Böyük Bakının Regional İnkişaf Planı"nda bir sıra məsələlər əks olunacaq:

- Dəniz limanının və bərənin Qaradağ rayonuna, Ələt şəhərinin yaxınına köçürməsi;

- Neftdaşıyan terminalın Abşeronun şərq sahilindən yeni terminalın istifadəyə verildiyi yerə, Sanqaçala köçürməsi.

Söküləcək ərazilər aşağıdakılar olacaq:

- "Qara Şəhər" adlanan yerdə fəaliyyət göstərməyən sənaye müəssisələrinin ləğv edilməsi və boşaldılmış ərazinin məskunlaşma üçün mənimsənilməsi;

- "Xutor" - 88 hektar, "Kubinka"- 46 hektar, şəhərin mərkəzində Nərimanov prospekti ilə Azərbaycan prospekti arasındakı "Beşmərtəbə"nin- 85 ha;

292 hektarını təşkil edilməmiş tikintilər əhatə edən " 20-ci sahə" - 800 ha kimi şəhər sahələrinin bölmələrinin regenerasiyası.

Həmçinin planda Bakı şəhərinin qarşısında duran vəzifələrdən biri – şəhərin və bütün Abşeronun vahid nəqliyyat sxemini tərtib edilməsi, şəhərin ekoloji yaxşılaşdırılması - torpaq, su və hava hövzəsinin təmizlənməsi, Bakıda şəhərsalma prosesinin vahid idarəetmə sistemini təşkili nəzərdə tutulur.

Xatırladaq ki, Bakının ilk Baş Planı 1898-ci ildə o dövrün məşhur memarı N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş Planı işlənib. 1964-cü ildə isə respublika Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.

AzNews.az
Bağla X