Oğlun ayağının altında ölmək

- Yusif dayı, hər vaxtın xeyir!

Kişi təəccüblə üzümə baxdı:

- Adımı sənə kim dedi?

Gözümün ucu ilə qara mərmərdən hazırlanmış bahalı başdaşına işarə etdim. Köks ötürdü:

- Familin mənim oğlum olduğunu hardan bildin?

- Cavan oğul itirmiş ata yalnız sizin kimi dayana bilər...

Qınayıcı nəzərlərlə məni süzdü:

- Oxumuş adama oxşayırsan...

- Doqquz ildir bu qəbiristanlığı qarış-qarış gəzirəm. Adamın üzünə baxanda hansı dərdi çəkdiyini bilirəm...

- Yaxın gəl.

Əli ilə ona tərəf getməyimi xahiş etdi.

May ayında nadir hallarda təsadüf olunan günəş adamı yandırdığı üçün keçib baş tərəfdəki iri küknar ağacının altında dayandım. Cibindən siqaret çıxarıb, mənə uzatdı.

- Çəkən deyiləm.

İki barmağının arasında tutduğu siqareti ovcunda əzib, kənara tulladı:

- Mən də çəkməyəcəm. Qoy, cəhənnəm olsun! Çəkdiyim dərd mənə bəsdir.

Araya dərin sükut çökdü. Hiss etdim ki, mərmər başdaşından bizə tərəf boylanan cavan oğlan "darıxmağa" başladı. Sükutu mən pozdum:

- Yəqin uşaq olanda hər gün Familə demisən ki, atan ayağının altında ölsün...

İti baxışlarını üzümdə gəzdirdi:

- Sən haradan bilirsən?

- Bu sözləri babam atama, rəhmətlik atam da mənə çox deyib.

- Atan xoşbəxt adamdır.

Titrək səslə dilləndim:

- Atam dünyasını dəyişəndə çox cavan idi...

- Kaş, mən də cavan öləydim. Cavan oğulun ölüsünü görməkdənsə, cavan ölmək yaxşıdır...

Araya yenə sükut çökdü. Onu küknar ağacının altına dəvət etdim. Amma fikri başqa yerdə olduğu üçün mənə əhəmiyyət vermədi:

- Vəsiyyət eləmişəm ki, öləndə məni Familin ayağının altında basdırsınlar. Diri vaxtı ayağının altında ölə bilmədim, heç olmasa, qəbrim ayağının altında olsun.

Dilimin ucuna qədər gəlmiş sözləri geri qaytara bilmədim:

- Allah arzuna çatdırsın!

Bir andaca çöhrəsi işıqlandı. Məni doğma adamlar kimi başdan-ayağa süzəndə hiss etdim ki, "sarı sim"ə toxunmuşam. Fürsəti əldən vermədim:

- Ağsaqqal, gəl, evə gedək!

- Gedək!

Qoluna girib, onu qəbiristanlıqdan çıxardım. Yola düzəlsək də, tez-tez arxaya boylanırdı. Arxada isə bir cüt göz bizi müşayiət edirdi. Qara mərmərdən hazırlanmış başdaşından boylanan Familin gözləri yol çəkirdi...

Bu dəfə sükutu Yusif kişi pozdu:

- Bu dərd məni öldürəcək. Gələn Novruza çıxa bilməyəcəm.

Özümü soyuqqanlı aparmağa çalışdım:

- O gün hamı üçün var.

Bir az əvvəl dediyi sözləri yenə təkrarladı:

- Oxumuş adama oxşayırsan...

Bu dəfə həqiqəti söylədim:

- Mənim işim yazmaqdır.

Ayaq saxladı:

- Məndən də yazacaqsan?

- Nə yazım?

- Yazarsan ki, oğlunun dirisini qoruya bilməyən ata onun ölüsünə keşik çəkmək üçün bu dünyadan köçdü.

Bu dəfə başımı tərpətməklə kifayətləndim...

...Atamın qəbrini ziyarət etmək üçün dünən Zabrat qəbiristanlığına getmişdim. Qəfildən yadıma Yusif kişi düşdü. Bir ay əvvəl tanış olduğum bu nurani qoca ilə yenidən görüşmək üçün Familin qəbri olan səmtə üz tutdum. İri küknar ağaclarına çatanda, ayaq saxladım. Familin məzarının ayaq tərəfində yeni qəbir vardı. Narın torpağın üstünə təzətər qərənfillər düzülmüşdü. Key adamlar kimi bir müddət hərəkətsiz qaldım. Özümə gələndə ağlımdan keçən ilk fikir bu oldu: "Yusif kişi arzusuna çatdı ".

Başımı qaldırıb, Familin qara mərmərdən hazırlanmış əksinə baxdım. Onun sifətində qəribə təbəssüm vardı. Familin gözləri yoldan yığılmışdı...

lent.az