Rabitə və İnformasiya Nazirliyinin mətbuat katibi əsl jurnalistlərlə işləməyin çox asan olduğunu bildirir Rabitə və İnformasiya Nazirliyinin mətbuat katibi əsl jurnalistlərlə işləməyin çox asan olduğunu bildirir

Müşfiq Əmirov: “Telefonlara şəxsən özüm cavab verirəm”

Rabitə və İnformasiya Nazirliyinin mətbuat katibi əsl jurnalistlərlə işləməyin çox asan olduğunu bildirir


Dövlət orqanlarının mətbuat xidmətlərinin fəaliyyəti heç də həmişə hamını razı salmır. Xüsusilə də informasiya əsri hesab edilən dövrümüzdə, jurnalistləri vaxtında lazımi məlumatlarla təmin etməkdə. Bu baxımdan bir neçə mətbuat xidmətini çıxmaqla öz missiyasını sevənlər çox azdır. Gün ərzində informasiyanın içində qaynayan bu vəzifənin sahibləri nələr düşünür? Beləliklə, "Az.news.az"ın bu rubrikasının ilk qonağı da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat katibi Müşfiq Əmirovdur.


- Müşfiq müəllim, istədiyi informasiyanı zamanında almaq baxımından mətbuat RİTN-dən nə qədər razıdır, bilmirsiz?


- Nazirimiz KİV-ə məlumatların operativ çatdırılmasının təmin olunması barədə tapşırıq verib. Biz bu gün bu işi daha da təkmilləşdirmək, insanların, ictimaiyyətin, istifadəçilərin bu sahə barədə fikirlərini, problemlərini öyrənmək üçün hətta "Qaynar xətt" mətbuat xidmətinin ixtiyarına verilib. Çünki "Qaynar xətt" birbaşa vətəndaşlarin fikir və iradlarını daha asan və rahat öyrənməyə imkan verir. Bunun əsasında vətəndaşların irad və təklifləri cənab nazirə çatdırılır və operativ tədbirlər görülür. İstər vətəndaşları narahat edən məsələlər, istərsə də mətbuatın əldə etmək istədiyi informasiyaların təmini məsələsi bizdə tam açıqdır. Telefon, faks, internet istənilən anda, istənilən jurnalistin suallarını cavablandırmağa hazırdır. Telefonlara şəxsən özüm cavab verirəm. Ən azı mən informasiyanın zamanında çatdırılmasının zəruri olduğunu bilirəm. Sualın cavabı vaxtında verilməlidir ki, jurnalist də razı qalsın.


-Bu qədər jurnalist elektoratını necə razı salırsız?


-Doğrudur, Azərbaycanda KİV-lərin sayı çoxdur və bu addan istifadə edənlərin də sayı çoxdur. İndi elə bir vaxtdır ki, yaxşı ilə pisi ayırmaq da çətin olur. Ona görə mətbuat xidmətlərini də qınamaq olmur. Məndə olan məlumata görə, 50 mindən artıq adamda jurnalist vəsiqəsi var. Təbii ki, onların hamısını jurnalist adlandıra bilmərik. Biz hamımız çox yaxşı bilirik ki, onların bəziləri jurnalist adına xələl gətirənlərdir. Kim ki, yaxşını pisdən ayıra bilirsə, onda işlər də çox yaxşı gedir, problem də olmur. Əsl jurnalistlərlə işləmək çox asandır. Belə olanda həqiqətən də insan işindən zövq alır. Hərdən elə də olur ki, adı, ünvanı bəlli olmayan hansısa "qəzetin əməkdaşı" müsahibə istəyir. Belə hallarla da rastlaşırıq. Amma buna baxmayaraq, onları da qapıdan qovmuram, başa salıram. Özü də belələri az deyil, çoxdur. Bizim işimiz həddən artıq böyük səbr tələb edən işdir. Digər bir tərəfdən də, mətbuat xidməti təkcə jurnalistlərlə işləmir, bütövlükdə bu sahənin əhatə etdiyi spektrın müraciətlərinin cavablandırılmasına məsuldur.


-Neçə ildir mətbuat xidmətindəsiniz?


-Gələn il 15 il tamam olacaq.


-Neçə nazir yola salmısınız?


-Bundan əvvəl nazir olmuş Nadir müəllimlə 7 il işləmişəm. Əli Abbasov işlədiyim ikinci nazirdir.


-15 il eyni postda qalmaq professionallığın, öz işinin öhdəsindən yüksık səviyyyədə gəlməyin, yoxsa Azərbaycansayağı qohumbazlığın, tanışlığın göstəricisidir?


- Bizim nazirlikdə çalışanların böyük əksəriyyəti gənclər və sırf peşəkarlardır. Əgər mən öz funksiyamın öhdəsindən lazimi səviyyədə gəlməsəydim, o zaman bu qədər müddətə bu vəzifədə saxlanmazdım. Mətbuat xidməti elə bir qurumdur ki, onun gördüyü bütün işlər göz qabağındadır. Mən üzərimə düşən vəzifəni çalışıram layiqincə yerinə yetirim.


- Mətbuat xidmətinin rəhbəri olaraq qalmaq fikrindəsiniz , yoxsa, başqa hansısa postu hədəfləmisiniz?


-Əgər bu gün mənim burda qalıb işləməyim məsləhət bilinirsə, bu mənim üçün xoşbəxtlikdir. Mən Əli müəllimin rəhbərliyi altında işləməyi böyük xoşbəxtlik sayıram. Onun bizə yüksək diqqət və qayğısının nəticəsidir ki, biz də bu işləri yüksək səviyyədə həyata keçirməyə çalışırıq.


Gültəkin Qəhrəmanlı

AzNews.az