Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məsələyə aydınlıq gətirib Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məsələyə aydınlıq gətirib

Qərb bölgəsində Ramazanla bağlı qadağalar qoyulub?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məsələyə aydınlıq gətirib


Son günlər müxtəlif mətbuat orqanlarında Azərbaycanın Qərb bölgəsində, xüsusən də Gəncə şəhərində icra strukturları tərəfindən, Ramazan ayında əhya gecələrinin keçirilməsinin qadağan edilməsi və iftar süfrələrinin açılmasına icazə verilməməsi ilə bağlı məlumatlar yayılıb. Məlumata əsasən, dindarlara qarşı təzyiq, Ramazan adət-ənənələrinə müdaxilə kimi qələmə verilir. Bununla əlaqədar AzNews.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən aparılan araşdırmanın nəticəsi bildirilib. Dövlət Komitəsi açıqlayıb ki, bu məlumatların heç bir əsası yoxdur: "Belə ki, adıçəkilən bölgədə Ramazan ayının ibadətlərinə, o cümlədən iftar süfrələrinin açılmasına rəsmi strukturlar tərəfindən hər hansı qadağa qoyulmayıb. Əksinə, Gəncədə fəaliyyət göstərən dini icmalar, o cümlədən din xadimləri bu il ictimai əhəmiyyətli bir təşəbbüs irəli sürərək, iftar vermək istəyən şəxslərə bu xeyirxah işi icmalarla birgə uşaq və qocalar evlərində, həmçinin kimsəsizlər üçün təşkil etmələrini tövsiyə ediblər. Elə bu gün Gəncədə İcra Hakimiyyətinin təşəbbüsü və Dövlət Komitəsinin yerli şöbəsinin iştirakı ilə şadlıq saraylarının birində dindarlar, imkansızlar və şəhid ailələri üçün iftar süfrəsi təşkil ediləcək. Bu cür iftar süfrələrinin bütün Ramazan ayı boyunca, xüsusən əhya gecələrində təşkili nəzərdə tutulur". Dövlət Komitəsi bildirir ki, bu kimi fakta əsaslanmayan və səthi xarakterli açıqlamalar müstəqil dövlətçiliyimizə xor baxan qüvvələrin "anti-təbliğat" dəyirmanına su tökür və milli maraqlarımızla ziddiyyət təşkil edir. Komitə mövzu ilə bağlı vəziyyəti nəzarətdə saxlayacaq.


Sevinc Fədai

AzNews.az