Cinayətkarlığa qarşı mübarizə gücləndirilir

Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü olan ölkələrin Daxili İşlər Nazirləri (DİN) Şurasının növbəti müşavirəsinə hazırlıq məqsədilə iştirakçı ölkələrin Daxili İşlər nazirlikləri ekspertlərinin iclası keçirilib.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan, Ukrayna, Rusiya Federasiyası Daxili İşlər nazirliklərinin nümayəndə heyətləri, həmçinin MDB İcraiyyə Komitəsinin və üzv dövlətlərin ərazisində mütəşəkkil və digər təhlükəli cinayətlərə qarşı mübarizənin koordinasiya Bürosunun təmsilçiləri iştirak ediblər. Qeyd edək ki, iclasda cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin olunması istiqamətində əməkdaşlığın daha da möhkəmləndirilməsi üzrə bir sıra prioritet məsələlər müzakirə olunub. Tədbir iştirakçıları MDB Daxili İşlər Nazirləri Şurasının gələn ay Bakıda keçirilməsi nəzərdə tutulan iclasının gündəliyini də müəyyənləşdiriblər. Görüş dostluq, qarşılıqlı anlaşma və etimad, konstruktiv əməkdaşlıq şəraitində keçib. İştirakçılar tədbirin yüksək səviyyədə təşkilinə və yaradılan şəraitə, göstərilən qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə minnətdarlığını bildiriblər.

Sevinc

AzNews.az