Aidiyyatı qurumlar fiziki qüsurlu şəxslərin müraciətlərinə məhəl qoymur Aidiyyatı qurumlar fiziki qüsurlu şəxslərin müraciətlərinə məhəl qoymur

Əlilləri evlərində dustağa çeviriblər

Aidiyyatı qurumlar fiziki qüsurlu şəxslərin müraciətlərinə məhəl qoymur

Uzun müddətdir ki, Binəqədi rayon 6-cı mikrarayon Mirmahmud Kazımovski küçəsində 16A binasında lift işləmir. Qeyd edək ki, həmin bina fiziki qüsurlu insanlara məxsusdur. Sözügedən problemlə bağlı həmin binanın 63 nömrəli mənzilində yaşayan I qrup əlil Təranə İsmayılova ərizə redaksiyamıza mürciət edib. Ərizədə bildirilir ki, yaşadıqları bina 4 mərtəbəlidir, Təranə xanım və beyin iflici olan 12 yaşlı oğlu Allahverdi də binanın 4-cü mərtəbəsində yaşayırlar: "Hər ikimiz əlil arabasındayıq. Binamızda iki lift var. Tək adamlıq lift işləyir, ancaq əlil insanların istifadə edəcəyi yük üçün nəzərdə tutulan lift işləmir. Dəfələrlə 79 nömrəli Mənzil İstismar İdarəsinə (568-96-55 nömrəli telefona) zəng edib məlumat vermişik". Ancaq buna baxmayaraq hələ şikayətlərin heç bir nəticəsi yoxdur.


Ancaq 4 nəfərə xidmət edən lift


Biz də şikayət üzrə binaya gedib vəziyyətlə tanış olduq. Digər sakinlər də eyni məsələdən narazıdırlar. Həqiqətən də, yük üçün nəzərdə tutulan lift, ümumiyyətlə, işləmir. Digər lift isə ancaq əlil arabasına məhkum olan 4 nəfər şəxs üçün açılıb-bağlanır. Binanın digər sakinləri istifadədən məhrumdurlar. Çünki həmin lift də xarab olan zaman düzəldilmir və yerimək qabiliyyətini itirmiş 4 nəfər lazım olan yerlərə getməkdən tamamilə məhrum olurlar. Ona görə də, bu üsula əl atıblar.


Problemi həll edən tapılmır


Problemlə əyani şəkildə tanış olandan sonra 79 nömrəli Mənzil İstismar İdarəsiylə (Mİİ) əlaqə saxlayıb şikayəti nəzərlərinə çatdırdıq. Kargüzar Aynur Tahirovanın sözlərinə görə, onlar problemdən xəbərdardırlar, ancaq məsələnin həll edilməsi onların səlahiyyıtinə aid deyil: "Buna görə dəfələrlə şəxsən özüm, rəisimiz və binanın liftçisi tərəfindən Bakı Lift İdarəsinə müraciət etmişik. Bizim işimiz onlara problem üzrə bildiriş yazıb göndərməkdir. Ancaq onlar həll edə bilərlər, sözünüzü onlara deyin".

Daha sonra Bakı Lift İdarəsinə zəng vurduq. Ancaq buradan da bildirdilər ki, Binəqədi rayonu üzrə təmir-istehsalat işləri onların tabeliyində deyil. Bakı Mənzil Avtomat İdarəsilə əlaqə saxladıq. İdarənin əməkdaşı Lalə Abbasova problemdən xəbərsiz olduğunu bildirdi: "Bizim bu problemdən xəbərimiz yoxdur, ola bilsin ki, xidmət haqqını ödəməyiblər. Biz yenə də maraqlanıb məşğul olarıq".

Maraqlandıq ki, həmin şöbədən binaya təmirçilər göndərilib, ancaq problem həll olunmayıb.

Mövzunu diqqətdə saxlayacağıq.


Sevinc Fədai

AzNews.az