06:15
(077) 610-22-33

Əmlakın dövlət qeydiyyatına salınmasındakı problemlər:

  • >
805 4 Avqust 2012 10:50 | Cəmiyyət

yaranma səbəbləri, çıxış yolları

Ölkənin demokratik imicini formalaşdıran əsas amillərdən biri də insanların mülkiyyət hüququnun qorunma səviyyəsidir. Avropa ölkələrində mülkiyyət hüququ ən ali hüquqlardan hesab edilir. Lakin təəssüf ki, Azərbaycanda bu sahədə kifayət qədər problemlər var. Baxmayaraq ki, ölkə başçısı səviyyəsində bu problemin çözülməsi yolları müvafiq orqanlara tapşırılıb, ancaq hələ də irəliləyişlər görünmür. Vətəndaşların mülkiyyət hüquqlarının pozulmasına zəmin yaradan əsas amillərdən biri mülkiyyətin dövlət qeydiyyatından keçməməsidir. Qeydiyyatdan keçməyən mənzil, obyekt və ya torpaq sahələrinin sayı isə qeydiyyatdan keçənlərdən dəfələrlə çoxdur. Biz bu yazıda məhz mənzillərin dövlət qeydiyyatından keçməsinə mane olan hallardan danışacağıq.


***

Xüsusən şəhərətrafı qəsəbələrdə və başqa regionlarında tikilmiş yeni fərdi yaşayış evlərinin dövlət qeydiyyatından keçməsinə mane olan bir çox amillər var. Təbii ki, hər bir şəxs əziyyət ilə əldə etdiyi mülkiyyətin özəlləşdirilməsində maraqlı olmalıdır. Elə əhalinin əksər hissəsində də bu maraq var və buna can atanların sayı heç də az deyil. Ancaq statistik məlumatlar bu əməliyyatların ləng getdiyini sübut edir. Şübhəsiz, bu problemin kökündə duran əsas səbəblərdən biri özəlləşdirmə əməliyyatının vahid sistem üzrə getməməsidir. Yəni vətəndaş evə şəhadətnamə ala bilmək üçün döymədiyi idarə qapısı qalmır.


Könlü sənəd istəyənin…


Belə ki, bir evin sənədləşməsi üçün vətandaş əvvəlcə bələdiyyə orqanlarından torpağa görə akt almalı, sonra onu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ərazi üzrə üzrə şöbələrinə müraciət edərək həyətyanı sahənin kadastr planınını tərtib etdirməli, daha sonra evin tikilməsinə icazə üçün icra hakimiyyətindən sərəncam almalıdır. Ev tikilib başa gəldikdən sonra isə yenidən mənzilin istismara yararlı olması baradə "Mənzil istismar aktı" əldə etməlidir. Qeyd edək ki, təkcə istismar aktının əldə edilməsinə vətəndaş bir neçə ayını sərf etməlidir. Çünki, "İstismar aktı"na qaz idarəsi, Sukanal İdarəsi, işıq idarəsi, Dövlət Gigiyena və Epidemologiya Mərkəzi və Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəy verməlidir. Hələ bu azmış kimi akt, İcra hakimiyyətlərində bir neçə şöbələrdə imzalanmalı, daha sonra icra başçısının möhürü ilə vahid sənəd- "İstismara qəbul aktı" verilməlidir. Bundan sonra vətəndaş torpağın kadastrını, evin layihəsini və "İstismara qəbul aktı"nı Dövlət Reyestr Xidmətinin ərazi idarəsinə təqdim etməlidir. Qeyd edək ki, bu idarəyə sənədlərin təqdim olunmasından sonra da əməliyyat iki mərhələdə aparılır. Öncə reyestr xidmətinin mühəndisi həyətyanı sahəni və evi yenidən ölçərək bu ərazilərin kadastr planına uyğun gəlib-gəlmədiyini yoxlayır, sonra isə yenidən layihə hazırlanır.


Qanun var, amma qayda yoxdur!


Amma işlər belə getsəydi, nə var idi ki... Yuxarıda sadaladığımız idarələrin hər birində müxtəlif sənədlər tələb edilir. Çox vaxt da bu sənədləri tapmaq asan məsələ olmur. Ən maraqlı məsələ isə budur ki, bəzən bu yoxlanışlar bir neçə dəfə həyata keçirilir. Buna görə, vətəndaş dəfələrlə hər bir idarənin qarşısında saatlarla gözləməli, işini-gücünü atıb ən azı iki-üç ay mütəmadi olaraq idarələrin qapısında təpik döyməlidir. Bundan əlavə, sadaladığımız qurumların bir-birinə etimadsızlığı, inamsızlığı ucbatından sənədləşmə işi yubanır, vətəndaşın əziyyəti çoxalır. Məsələn, mənzilin və həyətyanı ərazinin ölçüləri Katastr Planı və "İstismara qəbul aktı" verilərkən bir neşə dəfə və bir neçə qurum tərəfindən ölçülür və verilən sənədlərdə qeyd edilir. Ancaq Dövlət Reyestr Xidmətinin müvafiq ərazi idarəsi "Çıxarış" verərkən yenidən mühəndis göndərərək ölçü-biçi işləri apartdırır. Əgər bu ölçülərdə cuzi də olsa fərq yaransa, vətəndaşa mülkiyyətin dövlət reystrinə alınmasından imtina edirlər. Və yaxud da "İstisirmara qəbul aktında" rəyləri olan, idarələrin razılığı və imzası olmasına baxmayaraq, Dövlət Reyestr Xidməti sanki onların düz rəy verib-vermədiyini yoxlayırmış kimi təftiş aparır. Məsələn, "İstismara qəbul aktı"nda işıq idarəsi o vaxt imza qoyur ki, idarənin əməkdaşları mənzilə baxış keçirir və yüksək gərginlikli xətlərin keçmədiyini müəyyən edir. Ancaq Dövlət Reyestr Xidməti bu işi yenidən həyata keçirir. Belə halda ortaya bir sual çıxır: Əgər bu işləri Dövlət Reyestr Xidməti həyata keçirib, yoxlamalar aparacaqdısa, onda vətəndaşlar niyə digər idarələri gəzir?


Hər şey "hörmət" üçün!


Bax, bu sualın cavabını heç bir rəsmi, səlahiyyətli orqan verə bilmir. Vətəndaşlarda isə bu suala cavab var - "Hörmət"! Yəni insanlar nə qədər çox idarələr gəzsə, işin çətinliyini öz gözlərilə görsə, o qədər "işin asan" yolunu - "hörmətlə" həll eləmək barədə düşünəcək. Bundan əlavə, Dövlət Reyestr Xidməti öz səlahiyyətini aşaraq başqa qurumlara aid işləri araşdırıb "çepe" tapa bilər və bu da idarəyə "hörmət" qazandırar kimi fikirlər var.

Belə olan halda bəzi insanlar sənədləşmə işini yarıda saxlayır və digər maraqlanan şəxslərə də prosesin çətinliyini bildirir və məsləhət görmür. "Ora gedirəm, bura yollayırlar, bura gedirəm, ora yollayırlar" ifadəsi artıq sənədləşmə işində az qala zərb-məsələ çevrilib.


Kiminsə cibi, yoxsa dövlət büdcəsi?


İnsanları ora-bura göndərən, maddi maraqları naminə insanları narazı salan idarə müdirləri yəqin anlayırlar ki, fərdi evlərin özəlləşdirilməsi vətandaşa lazım olduğu qədər dövlət üçün də vacibdır. Belə ki, şəhadətnaməsi olan ev və həyətyanı sahəyə görə insanlar dövlət büdcəsinə vergi ödəyər, dövlət miqrasiya ilə bağlı dəqiq məlumatların verilməsində çətinlik çəkməz, əmlak bazarının intensivləşməsinə şərait yaradar. Təəssüf ki, uzun zamandır hazırlanan "Vahid pəncərə" sistemi hələ də işə düşmür. Əgər bu sistem fəaliyyət göstərsə, yəni mülkiyyətini dövlət qeydiyyatına salmaq istəyən şəxs sadəcə bir idarəyə müraciət edərsə, əksər fərdi yaşayış evləri obyektlər qeydiyyatdan keçə biləcək. Hələliksə bu mümkün deyil. Bizdə vətəndaşlar hələ də mülkiyyət hüquqlarını bərpa etmək, əmlakını özəlləşdirmək üçün min bir azbdan keçir.

Mövzunu davam etdirəcəyik.


Bahadur Qobustan

AzNews.az


Bağla X