05:49
(077) 610-22-33

SOS! Uşaqları məhvə aparan içkilər

  • >
803 4 Avqust 2012 13:30 | Cəmiyyət

Qazlı sular müxtəlif xəstəliklərin yaranmasına səbəb olur


İsti yay günlərində insanların suya olan tələbatı təbii olaraq artır. Xüsusilə də, bayırda qızmar günəşin təsirindən bu tələbat daha da artır. Uşaqlar üçünsə bu, belə desək, bir bəhanəyə çevrilir. Belə ki, azyaşlıların şirin qazlı içkilərə marağı və həvəsi böyük olur və heç bir qadağaya məhəl qoymurlar. Çox vaxt isə, valideynlər ya ümumiyyətlə belə bir qadağa qoymur, evdə uşağıın istəklərinə "senzura" olmur. Ya da ki, uşaqlarının "səsini kəsmək" üçün "qoy içsin, eybi yox" deyirlər. Ancaq eybi var, həm də çox böyük.

3 yaşlı uşaq anası Kəmalə Məmmədova da bu problemi yaşayır. Onun sözlərinə görə, oğlu belə içkiləri çox sevir: "Bütün gün elə içkiləri içsə, yenə doymaz. Daha çox da yayda. Çünki qışda elə də çox qaymuruq içməyə. Ümumiyyətlə, əvvəllər verməyəndə ağlayırdı deyə biz də verirdik. Ancaq sonra mədəsində ağrılar oldu. Həkim isə problemin qazlı içkilərdən qaynaqlandığını bildirdi". Kəmalə xanım kimi, bir çox valideyn bu problemdən şikayətlənirlər. Ancaq vaxtında bunu düşünmək lazımdır.


7 yaşa qədər su qadağası


Həkimlər ümumiyyətlə, yetkin insanlara da qazlı içkilər içməyi məsləhət görmür. Az miqdarda qazlı su içməyin isə insana böyük ziyanı olmasa da, onun mütəmadi içilməsi sağlamlıq üçün zərərlidir. Uşaq orqanizmi isə bu mənada daha zəif və həssasdır. Xatırladaq ki, bəzi mənbələrdə yaşı 4, bəzi mənbələrdə isə 5-dən aşağı olan uşaqlara qazlı içkilərin qadağan olduğu bildirilir. Ancaq məsələyl’ bağlı AzNews.az-ın suallarını cavablandıran "Nəbz" klinikasının həkim-pediatrı Billurə Səfərəliyeva isə, ümumiyyətlə, uşaqlara qazlı içikilərin verilməməsini tövsiyyə etdi: "Əslində heç içməsələr yaxşıdır. Ancaq 7 yaşa qədər olan uşaqlara isə, ümumiyyətlə olmaz. Çünki bu yaşa qədər onların mədə-bağırsaq sistemi tam formalaşmır. Hımin qazlı sular da ilk növbədə, mədə-bağırsağa ziyan vurur. Ödün fəaliyyətini dayandırır, normal süzməsinə mane olur. Həmçinin, köp verir, turşuluğu artırır. Həddən artıq içilməsi isə ciddi fəsadlara gətirib çıxara bilər. Buna görə də, valideynlər bu məsələyə ciddi yanaşmalıdırlar".

O da bildirilir ki, uşaqların sevimli içkisi "Pepsi"nin 1 litrində təxminən 25 dənə qənd qədər şəkər var. Hər qram şəkərdə təxminən 4 kilokalori olduğunu nəzərə alsaq və düşünsək ki, bunun çoxusu sonra piyə çevrilir, onda ziyanın nə qədər böyük olduğunu təsəvvür etmək çətin olmaz. Təbii olaraq, içində şəkər olmayan və ya həddindən çox az olan qazlı içkilərin belə ziyanı olmasa da, onların içində adətən alma və ya limon turşusu olur. Bundan isə dişin emalı və sümüklər ziyan görür.


Bu içkilər gözün artireyalarını qurudur


Şirin qazlı içkilərin sağlamlıq üçün problemlər yarada biləcəyi çoxlarına məlumdur. Lakin uşaqlıqda qazlı içkilərdən istifadənin yuxarı yaşlarda ürək xəstəlikləri riskini artırdığından çox az adam şübhələnir. Bu barədə Avstraliyanın Sidney Universitetinin Tibbi Araşdırmalar İnstitutunun son elmi işi bunu təsdiqləyir. Alimlər 12 ildə 2 minə yaxın uşağın timsalında qazlı içkilərin təsirini müəyyən ediblər. Məlum olub ki, gündə bir və daha çox qazlı içki içən uşaqlarda gözün arxa hissəsindəki arteriyalar quruyur.


Ürək, ağ ciyər xəstəlikləri, astma…


Arteriyaların belə quruması ənənəvi olaraq hipertoniya və ürək xəstəlikləri riskinin artması ilə əlaqələndirilir. Ekspert Bamimi Qopinatın fikrincə, hələ uşaqlıqdan sağlam qidalanmaya riayət etmək lazımdır və uşaqlara şirin içkilər almaqla buna göz yummaq olmaz. Qopinat reklam qaydalarının və uşaqlar üçün qida məhsullarının satışının qanunvericilik səviyyəsində dəyişdirilməsinin tərəfdarıdır.

Yeri gəlmişkən, bundan əvvəl Adelaida Universitetinin Zumin Şinin rəhbərlik etdiyi tədqiqat qrupu qazlı içkilərin astma və ağ ciyərlərin obstruktiv xəstəliklərinə yol açdığını müəyyənləşdirib.


Sevinc Fədai

AzNews.az

Bağla X