“Separatçılıq niyyətlərinin arxasında Rusiya dayanır” – Deputat

"Bu tədbir Rusiya Prezident Administrasiyasının İşlər İdarəsinin balansında olan "Prezident" hoteldə keçirilib. Bu, bir daha onu göstərir ki, ermənilərin separatçılıq niyyətlərinin arxasında dayanan Rusiyadır".


Bu açıqlamanı AzNews.az-a açıqlamasında Milli Məclisin Xankəndi seçki dairəsindən seçilən deputatı Flora Qasımova deyib. O, Moskvada "Gülüstan" müqaviləsinin 200 illiyinə həsr olunmuş beynəlxalq konfransda Azərbaycan əleyhinə səsləndirilən bəyanatlarla bağlı danışıb: "Rusiyanın dəstəyinə arxalanan ermənilər və hazırda da Ermənistan daim dünya birliyinə qarşı etinasızlıq nümayiş etdiriblər. Qarabağın işğalına birbaşa dəstək verən, son 20 ildə də sülh danışıqlarına etinasız yanaşan ermənilərin dayaq yeri əsasən Rusiyadır. Bu konfransın keçirilməsi də bizim səhv olmadığımızı əsasdır".

Deputat ATƏT-in Minsk Qrupunun fəaliyyətindən imtina zərurətinin yarandığını da qeyd edib: "ATƏT-in Minsk Qrupu 20 illik fəaliyyəti zamanı da münaqişədə ədalətli sülhün bərqərar olunması üçün lazım olanı etmədi. Artıq xalq ATƏT-in Minsk Qrupuna inanmır".

F. Qasımova vurğulayıb ki, istənilən formatda Ermənistan prezidenti Serj Sarkisyanla danışıqların heç bir əhəmiyyəti yoxdur: "Qarabağ probleminin arxasında dayanan Rusiyadır. Bu Serj Sarkisyan isə hərbi canidir. Bu cani və bütün ermənilər də Rusiyaya sığınıblar. Bütün bunlardan sonra bu cani ilə üz-üzə oturub sülh haqqında danışmaq mümkün deyil".

F. Qasımova istənilən belə tədbirə qarşı Azərbaycanın dövlət və ictimai qurumlar səviyyəsində etiraz bildirməsinin zəruriliyini də vurğulayıb.

Qeyd edək ki, Moskvada "Gülüstan" sülh müqaviləsinin 200 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Tədbirdə Rusiya Strateji Araşdırmalar İnstitutunun, Ermənistan Xarici İşlər Nazirliyinin, separatçı Dağlıq Qarabağ rejiminin təmsilçiləri, Rusiyadakı erməni diasporu, rusiyalı politoloqlar və tarixçilər iştirak ediblər. Konfransda Qarabağ xanlığının Rusiya imperiyasının tərkibinə keçməsinin əhəmiyyəti və Qarabağ xanlığını erməni xanlığı olduğu bildirilib.

Ramil
AzNews.az