Arvadını HİV-ə yoluxdurub Rusiyaya qaçdı – Ailə faciəsi

İşləmək üçün Rusiyaya gedən ər Azərbaycana qayıtdıqdan sonra həyat yoldaşını HİV-ə yoluxdurub. 28 yaşlı gənc qadınla yanaşı, ailənin iki övladının də HİV-ə yoluxma ehtimalı var.

Qadının da HIV-ə yoluxduğunu bildikdən sonra isə həyat yoldaşı ailəsini tərk edərək, yenidən Rusiyaya qayıdıb. Həmin vaxtdan bəri ailəsi ilə heç bir əlaqə yaratmayan ər övladlarına da maddi yardım etməkdən imtina edir.

Valideynləri isə 28 yaşlı qadını müalicə etdirmək üçün Türkiyəyə apardıqdan sonra müalicənin olduqca baha başa gəlməsi səbəbindən "Təmiz dünya" İctimai Birliyinə müraciət edib.

Birliyin rəhbəri Mehriban Zeynalova AzNews.az-a bildirib ki, hazırda əri tərəfindən tərk edilən qadının Azərbaycana gətirilərək QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyata alınması və pulsuz müalicə xidmətlərindən yararlanması üçün müvafiq tədbirlər görülür:

"Valideynləri qızın xəstəliyini ümumiyyətlə bilməyiblər. Orada qızın HİV-ə yoluxduğu bildirilib. Türkiyədə HİV-in müalicəsi çox bahadır. Digər tərəfdən uşaqların da müayinədən keçirilməsi lazımdır və ailənin buna heç bir maddi imkanı yoxdur. Buna görə də biz bütün müvafiq sənədləşmə işlərini aparırıq ki, həmin qadını ölkəyə qaytarıb müalicəsini təşkil edək".

M.Zeynalova bu problemin zaman-zaman müşahidə olunduğunu bildirərək xarici ölkədən qayıdan miqrantların tibbi müayinədən keçməsinin vacibliyini vurğulayıb.

Elnarə
AzNews.az