19:08
(077) 610-22-33

Gülər Əhmədovanı Gürcüstana aparmaq istəyən şəxs ifadə verib

  • >
2 538 4 Noyabr 2013 15:20 | Cəmiyyət

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmən prosesi günün ikinci yarısında davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Səyyarə Heydərova ifadə verib. O, Elşad Abdullayevin yaydığı videomaterialların montaj olunduğunu deyib. Şahid bildirib ki, bununla bağlı rusiyalı ekspertlə danışıb, ekspert də videoların montaj olduğunu açıqlayıb.

Daha sonra şahid qismində Namiq Muradov və Natiq İsmayılov ifadə veriblər. Onlar Türkiyədə Sabiha Gökçən Hava Limanında Sevinc Babayevanı gördüklərini deyiblər. Şahidlər ifadələrində bildiriblər ki, S. Babayeva onlara yaxınlaşaraq Türkiyəyə ürək əməliyyatına gəldiyini deyib: "Onu qarşılayacaq adamın gəlmədiyini söylədi, bizim telefonlarından istifadə etmək istədi. Biz də kömək etdik".

Şahid Rüfət Hüseynov isə ifadəsində G. Əhmədovanın oğlu Toğrul Əhmədovla dost olduğunu deyib: "Toğrul mənə zəng edib dedi ki, anası xəstədir, Gürcüstana gedəcəklər. Məndən onları aparmağı xahiş elədi. Mən də razılaşdım. Lakin Qazaxda sərhədi keçəndə bizi saxladılar. Maşında axtarış apardılar. Fikrət Əhmədova, Gülər Əhmədovaya dərman içməyə belə imkan vermədilər".

R. Hüseynov deyib ki, S. Babayevanın Türkiyəyə gediş biletinin də o alıb: "Əvvəldən onunla tanışlığımız vardı. Məndən İstanbula elektron aviabilet almağı xahiş elədi, mən də onun istəyini yerinə yetirdim".

Prosesdə şahidin ibtidai istintaqa verdiyi ifadə elan olunub. İfadədə R. Hüseynov S. Babayevaya bileti T. Əhmədovun göstərişi əsasında aldığını deyib. Ancaq şahid məhkəmədə bunu təsdiq etməyib.

Proses noyabrın 7-də davam etdiriləcək.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.

AzNews.az
Bağla X