Kitabdan qorxdular!

Sizdən soruşuram: Nazim Hikmət, ya Cəmal Sürəyya İosif Brodskidən, yaxud Lorkadan, Bukovskidən pis şeir yazıb?

Nazimin də, Camalın da həyatı həbslər, qovğalar, qarmaqarışıqlıqlar içində keçib. Başlarından nə tufanlar əsmiş, nə günlər görmüşlər.

Burdan-bura, Azərbaycanda belə kütləvi oxucu indi-indi tanımaqdadı bu şairləri. Camal Sürəyya mənim ən sevimli şairlərimdən biridi. Amma dünyaca şöhrəti yoxdu. Mən onun oxucusu olaraq, bu dərdi çəkməkdən ölmürəm. Mən tanıyıram, mən bilirəm, yetər mənə.

Hər kəsin müasir yazarların ünvanına bir ittihamı var: "Niyə tanınmırsız, niyə dünyaya çıxmır əsərləriniz?"... Arxadaş, çünki biz Azərbaycanın problemlərindən yazırıq. Çünki, Azərbaycanın problemləri yetərincə çoxdu, biz onlara göz yumub bəşəri problemlərlə maraqlana bilmirik. Bəşəri problemlərlə bizsiz də məşğuldurlar! Və ən nəhayətdə, dünya birliyinə, görünür, Azərbaycanın problemləriylə maraqlanmaq sərf eləmir. Lap elə özümüzə də bu sərf eləmir.

Bəşəri mövzular fonunda belə öz dərdlərimizdən yazsaq da, eşitmək istəmirlər, arxadaş, zornandı?

Əgər Xalid Hüseynin "Çərpələng uçuran" romanını gözümə soxmağa hazırlaşırsansa, əziz oxucu, qoy deyim. Əfqanların problemi özü dünyanın diqqət mərkəzindədi, ona görə o roman bestsellerə çevrildi. Qərbin və Amerikanın maraqları vardı. Televiziyalardakı roliklərə baxmırsınız, görmürsünüz necə fəryad edirlər:

"Torpaqlarımızın 20 faizi işğal altındadır. Bir milyona yaxın soydaşımız doğma yurdlarından qaçqın düşüb . Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuş, 4499 nəfər itkin düşmüşdür. Bu haqsızlığa dünya birliyi hələ də dözür"...

İnanın ki, bu gün mən həqiqətən hardansa yaxşı maliyyə mənbəyi tapsam, işimi-gücümü atsam, uşaqlarımı qəşəng rusdilli, ingilisdilli dayələrə tapşıraraq, günlərimi kitabxanalarda keçirsəm, Həmid Herisçi demişkən, həmin o sirli, mistik, elmi, gizli informasiyalı, dərin romanı yazsam, yenə də dünya birliyi susacaq. Seymur Baycanın "Quqark" romanı nə təsiri etibarilə, nə yaradıcılıq baxımından Xalid Hüseynin "Çərpələng uçuran" romanından geri qalmır. Əcəba, niyə həmin şöhrəti yaxalaya bilmir?! Çünki bütün bunlar siyasi məsələlərdi.

Dünya nə vaxt azərbaycanlılarla, onların dərd-səriylə, Qarabağ problemiylə maraqlanmaq istəyəcək, inanın onda Şərif Ağayarın Qarabağ mövzusundakı hekayələri, Seymur Baycanın "Quqark" romanı və başqa əsərlər əldən-ələ, dildən-dilə dolaşacaq. Den Braun kimi ortabab yazıçının geniş oxucu kütləsi qazanmış əsərlərini yazmaq üçün günlərlə kitabxanalarda, arxivlərdə gəzib-dolaşmalısan. Həm Den Braunun qapısından girə bildiyi həmin arxivlərə görəsən durub Azərbaycandan gedən istənilən yazıçını buraxarlarmı?

İnanmıram belə şey mümkün ola. Nə isə… Mənim əzizlərim. "Bu ədəbiyyat ki, var… çox qəliz məsələdi. Həm qəlizdi, həm də vacib!" Ciddi ədəbiyyatı, beş-on qələm adamını bilmirlər necə pisikdirələr. Dövlət işlərində işləyənləri sıxışdırır, işdən qovur, haqqında nə gəldi danışır, qəhrəmanlarının hər addımına görə yazıçını cavab verməyə çağırır, məhşər ayağına çəkirlər.

"Kitabın oxunmur, deməli yaza bilmirsən!" deyə ələ salır, sındırmaq, ruhdan salmaq istəyirlər. Bir neçə gündü "Qanun" nəşriyyatına soxulub qanunsuz yoxlamalar həyata keçirirlər. Nəşriyyatın işini əməlli-başlı iflic eləyiblər. "Qanun" nəşriyyatı yazıçı ilə də, oxucu ilə də işləyə bilən ilk nəşriyyatdı Azərbaycanda. Ciddi, vacib bir ənənənin başlanğıcını qoyub. "Ən yeni ədəbiyyat", "Ən yeni tərcümə" seriyaları ilə Azərbaycan ədəbiyyatı üçün xeyli iş görüb. Oxucu toplayıb.

Oxucu davası aparıb mənim yerimə, Aqşinin, Əli Əkbərin, Seymur Baycanın yerinə… Oxucuların sayı həqiqətən artmaqdadır. "Qanun" nəşriyyatının əlahiddə gücə çevriləcəyindən qorxdular. Kitab oxuyan adamlardan qorxdular. Kitabdan qorxdular! Bu yaxınlarda rus əsilli rəfiqəmdən eşitdim ki, Ukraynada, Rusiyada xüsusi mağazalar var, orda maraqlı ətirlər satırlar. Təzə kitabın qoxusu, meşənin, biçilmiş ot iyinin, dənizin qoxusu… Əgər sənin meşəyə getmək imkanın, yaşadığın yerə yaxın dəniz yoxdusa, bu ətirlərdən alıb öz otağında həmin yerin aurasını yarada bilərsən. Bu ətirlərin içində mənə təzə kitab qoxusu maraqlı gəldi. Təzə kitab qoxusundan ötrü ürəyi gedən adamlar var:

"Kitabları əvvəl qoxulayıb, sonra oxumağı sevirəm"... köhnə şeirimdəndi… Azərbaycanda kitab oxuyan, təzə kitabın qoxusunu sevən adamlar gündən-günə artmaqdadır. Onları əsl kitab qoxusundan məhrum edib, saxta kitab qoxusu sırımaq istəyirlər. Kitaba qarşı qəsd var, dostlar! Kənddə bir adamın haqqında görürsən belə deyirlər:

"O adamın kitabı bağlanıb!" Adamın kitabı bağlanıb o deməkdi ki, daha bu adamdan heç nə gözləmək olmaz, adam bitib, qurtarıb. Nəşriyyatlara qadağalar qoymaqla, ƏDV-ni artırmaqla, nəşriyyatları bağlamaqla, Azərbaycan insanının kitabını bağlamaq istəyirlər. Aqşinin bir misrası var: ruhən xəstələrə biçilmiş ot iyi verin. Bizim hər birimizin ruhu yaralıdı…

Bizə təzə kitab qoxusu verin!!! Bir neçə il bundan əvvəl ANS telekanalını eyni ssenariylə bağladılar. Bir müddət ANS fəaliyyət göstərə bilmədi. Atam telekanalın fəal izləyicisi idi. Hirsləndi, evin içində gəzdi, dolaşdı, bir siqaret çəkdi, sonra dedi: "Yox, e, yox… heç kim Çingiz Mustafayevin kanalını bağlaya bilməz. O, qəhrəmandı!" Amma mənim əli qabarlı fəhlə atam ANS üçün küçəyə çıxmadı, ANS-in bağlanmasına qarşı səsini çıxarmadı, etirazını bildirmədi. Atam kimi başqaları da! ANS təzədən açıldı. Amma daha "Çingiz Mustafayevin ANS-i" olmadı…

Eyni şeyi "Qanun" nəşriyyatıyla eləmək istəyirlər. Allah eləsin ki, "Qanun" nəşriyyatının başına eyni şey gəlməsin. "Qanun" nəşriyyatı bu sınaqdan alnı açıq, üzüağ çıxsın. O, həmişə Şahbaz Xuduoğlunun nəşriyyatı olsun… Yağış, soyuq, qar bilmədən oxucunun ayağına, oxucunun qapısına gedən, az qala küçə-küçə gəzib öz əliylə kitab satan Şahbaz Xuduoğlunun!

AzNews.az