Təbiətə dəyən ziyana görə cərimə- 177900 manat


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 15-31 oktyabr tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb.

Nazirliyin mətbuat xidmətindən AzNews.az –a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 206 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 78 müddətli məcburi göstəriş verilib.

Ümumilikdə, 50 iş üzrə 177900 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 24 iş üzrə 259411.24 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 117 iş üzrə 23189.63 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 22, icra qurumlarına 24, məhkəmələrə isə 2 iş göndərilib.

AzNews.az