Jurnalisti vuran şəxsin atası: “Bütün xərcləri üzərimə götürmüşəm”

Noyabrın 1-də səhər saatlarında jurnalist Sahib İslamovu Xocasən qəsəbəsində "Jiquli" markalı avtomobil vurub və həmkarımız ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hazırda 1 saylı Klinik Xəstəxananın reansimasiya şöbəsində yatan jurnalist Sahib İslamovun səhhəti ilə maraqlanmaq üçün xəstəxanaya yollandıq.

Vəziyyəti həddən artıq ağırdır

Həkim Şöhrət Verdiyevin məlumatına görə, həmkarımızın vəziyyəti həddən artıq ağırdır:

"Sahib İslamov ağır müştərək qapalı beyin travması, baş beyinin əzilməsi, sağ bazu sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, sol bud sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, çanaq sümüklərinin sınığı, döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanamıza yerləşdirilib. Reanimasiyada vəziyyəti həddən artıq ağır olaraq qalır".

Ailəvi əlaqələrimiz davam edəcək

Sahibin qardaşları Aqil və Sabir İslamovların dediklərinə görə, onu xəstəxanaya avtomobillə vuran şəxsin özü çatdırıb və ailəsi bütün xərcləri öz boynuna götürüb:

"Hadisədi, olub. Sahibi Lətifin özü (vuran şəxs) xəstəxanaya çatdırıb. Atası bütün xərcləri öz boyuna götürüb. Dörd gündür buradadırlar. Heç bir şikayətimiz yoxdur. Allahın işidir. Təki Sahib sağalsın. İndən belə ailəvi əlaqələrimiz davam edəcək".

Sahibin yaxınlarını çox axtardıq

Özünü Lətifin qohumu kimi təqdim edən Fuad adlı şəxs bildirdi ki, xəstənin sağalması üçün Allaha dua edirik: "And olsun Allaha, elə mehribanlaşmışıq ki, heç qohum belə mehriban olmur. Hadisədi də olub. Zamanı geri gətirmək mümkün deyil. Sahibi xəstəxanaya yerləşdirəndə 3-4 dəfə nümayəndə göndərdik ki, yaxınlarını tapsınlar. Axırda özləri gəlib çıxdılar. Nə lazımdır etmişik və edəcəyik".

Qəzetlər yazır ki, guya vuran adam itkin düşüb

Lətifin atası Yaşar Məmmədovun dediyinə görə, Lətif qorxudan xəstə düşüb:

"Bir qəzadı olub da. Lətifin özü də hadisənin təsirindən hələ çıxmayıb. Qorxub, xəstə yatır. Qəzetlər yazır ki, guya vuran adam itkin düşüb-filan. Mən vuran adamın atasıyam. Buradayam və bütün xərcləri öz boynuma götürmüşəm".

axar.az