Konstitusiya Məhkəməsi cənub bölgəsində test imtahanları keçirir

Azərbaycan Konstitusiya Məhkəməsi noyabrın 5-dən cənub bölgəsinin 4 rayonunda - Lənkəran, Masallı, Lerik və Astarada təhsil alan tələbə və şagirdlərin hüquqi biliklərinin səviyyəsini öyrənmək məqsədilə test imtahanları keçirməyə başlayıb.

APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə Konstitusiya Məhkəməsi Konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədovanın rəhbərliyi etdiyi nümayəndə heyəti Lənkəranda olub.

Nümayəndə heyəti burada rayonun 6 orta ümumtəhsil məktəbində, həmçinin Lənkəran Dövlət Humanitar Kollecində və Lənkəran Dövlət Universitetində imtahanlar təşkil edib. Nümayəndə heyətinin tərkibinə daxil olan Konstitusiya Məhkəməsi Mülki hüquq şöbəsinin müdir müavini Səlahəddin Əliyevi bildirib ki, əsasən 50 sualdan ibarət test üsulu ilə keçirilən imtahanlarda rayon üzrə ümumilikdə 220 şagird və tələbə iştirak edib. Təqdim olunan suallar əsasən "Vətəndaşların hüquq və azadlıqları", "Hakimiyyət bölgüsü" və digər bu kimi mövzuları əhatə edib.

S.Əliyevin sözlərinə görə, 1 saat davam edən imtahanlarda düzgün cavablandırılan hər bir sual 2 balla qiymətləndiriləcək və nəticələr noyabrın 8-də hər dörd rayonda imtahanlar başa çatdıqdan sonra açıqlanacaq. Yüksək nəticə göstərən iştirakçılar diplom, kubok, qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Qeyd edək ki, imtahanlarda cənub bölgəsindən ümumilikdə 600 şagird və tələbənin iştirakı nəzərdə tutulub.

AzNews.az