Pərviz Həşimli kamerada huşunu itirib

MTN-nin istintaq təcridxanasında saxlanılan jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli dünən kamerada huşunu itirib.

Bu barədə "Bizim Yol"a vəkil Bəhruz Bayramov məlumat verdi. Vəkilin sözlərinə görə jurnalist həkim müdaxiləsindən sonra özünə gəlib. P.Həşimli səhhətinin pisləşməsini saxlanma şəraitinin ağır olması, keçirdiyi stresslə əlaqələndirib. "Hazırda jurnalistin durumu normaldır. Onun hüquqları pozulmaqda davam edir. Bu günə qədər vəkilləri, ailə üzvləri tərəfindən qaldırılan problemlərin heç biri həllini tapmayıb. P.Həşimliyə ailə üzləri ilə telefon əlaqəsi saxlamağa imkan verilmir. O, Ombudsman Elmira Süleymanovaya etdiyi müraciətlərin nəticəsiz qalmasından da narazıdır. Xahiş edir ki, Ombudsman onunla görüşsün".

Jurnalistin digər vəkili Elçin Sadıqov isə "Bizim Yol"a bildirib ki, bu gün P.Həşimlinin işi ilə bağlı istintaq hərəkətləri aparılacaq. Vəkil Milli Təhlükəsizlik Nazirliyinə dəvət olunub.

Dünən P. Həşimlinin həyat yoldaşı İlahə Həşimova Ombudsman Elmira Süleymanovanın qəbulunda olub. Həyat yoldaşının hüquqlarının pozulması barədə məlumat verən İ.Həşimova Ombudsmandan öz səlahiyyətlərindən istifadə etməklə P.Həşimliyə dəstək olmağı xahiş edib.

Elmira Süleymanova bildirib ki, jurnalistin ailə üzvləri ilə görüşməsinin təmin olunmasına onun səlahiyyətləri çatmır. "Mən Ombudsman kimi Pərviz Həşimlinin hüquqlarını qoruyuram, ona qarşı fiziki təzyiq varsa deyin, yoxsa mənim onun saxlanma yerinin dəyişdirilməsi hüququm yoxdur, çünki istintaq gedir"-deyə E.Süleymanova vurğulayıb.

AzNews.az