“Heç olmasa, biz əlillərin pulunu yeməyin!” “Heç olmasa, biz əlillərin pulunu yeməyin!”

Dövlətin əlillərə bağışladığı bina necə satıldı... - FOTOREPORTAJ

“Heç olmasa, biz əlillərin pulunu yeməyin!”


"Nə bizimlə maraqlanan var, nə də dərdimizi deyəcək biri..."


Paytaxda göz oxşayan binalar, mənzərələr çoxdur. Bununla yanaşı, hərdən gözümüzə uçuq-tökük, səliqəsiz yaşayış yerləri, binalar da sataşır. Bu zaman ilk ağlımıza qaçqın-köçkün insanlar, onlara aid binalar və yaşayış tərzi gəlir. Ancaq gözümüzü bir az geniş açıb ətrafa nəzər salanda onlardan da çətin vəziyyətdə yaşayanları görmüş oluruq. Söhbət şəraitlərindən, problemlərindən, çətinliklərindən bixəbər olduğumuz fiziki qüsurlu şəxslərdən gedir. Gözdən, könüldən uzaq olan bu insanların vəziyyətindən agah olmaq üçün adını eşidib, özünü görmədiyim Binəqədi rayon Mirmahmud Kazımovski küçəsində yerləşən "Əlillər binası"na üz tutdum. Kənardan çox da pis görünməyən, ancaq içərisi heç də ürəkaçan olmayan, divarları uçuq, pəncərələri qırıq 4 mərtəbəli bir bina...Pəncərə qırıqlarından insanın gözünü qamaşdıran günəş şüası, amma içərisində "işıqsız" insanlar...

"Ərimi belimdə daşıyıram"


Binaya daxil olanda gəliş səbəbimi bilən kimi yoldaşı əlil olan bir qadından artıq çoxdan adət etdiyim cavabı eşitdim: "Gəlib yalandan baxıb, yazıb gedirlər. Yüz dəfə də gəlsəniz, düzələn deyil ki, deyil. Kim gəlib əlac edəcək?" Haqlı olaraq eşitdiyim bu irada heç nə deyə bilmədim. Suallar verməklə onun fikrini ittihamlardan problemə çəkmək istədim:

-Bildiyimizə görə, binada lift işləmir. Bu da əlil insanlar üçün böyük problemdir...

-Bizim heç bir şikayətimiz yoxdur. Gedin şikayəti olanlardan soruşun. Mən liftdən istifadə etmirəm. Pilləkənlə qalxıb düşürəm.

-Axı yoldaşınız ki, əlildir...

-Yoldaşımı da lazım olanda belimə alıb aparıram!


Qıfıllı lift!


Bu binada həm müharibə əlilləri, həm də digər əlil vətəndaşlar yaşayır. Qarşıma çıxan və adını deməkdən çəkinən ahıl qadın isə II qrup əlildir. Ayaqüstü söhbətimizdə o tək yaşadığını və heç həyətə də düşə, liftdən də istifadə edə bilmədiyini dedi. Onun sözlərinə görə, liftin açarları var, o da kimdədisə heç bilmir: "Uşaqlar xarab eləməyini bəhanə edib lifti bağlı saxlayırlar. Tək belə vəziyyətdə yaşamaq da çox çətindi. Arada kimlərsə yığışır şikayət edir. Amma buna baxan kimdi, heç kim də baxmır. Ola bilsin ki, Qarabağ əlillərinə nəsə kömək olunur, amma bizimlə ümumiyyətlə, maraqlanan yoxdur". Söhbət əsnasında bir maraqlı məqam diqqətimi çəkdi. Sən demə, qadın bu evi satın alıbmış. Hansı ki, bu bina Heydər Əliyev tərəfindən xüsusi olaraq əlil insanların yaşaması üçün bağışlanıb və 81 mənzildən ibarətdir: "MİS sonralar buranı özəlləşdirib satmağa başladı. Biz də onda almışdıq bu evi".


Əlil uşağı liftdən çıxaran tapılmır


Sonra I qrup əlil Təranə İsmayılova və beyin iflici olan 12 yaşlı oğlu Allahverdinin yaşadığı mənzilə yaxınlaşıram. Yaşadıqları ev isə (buna ev demək mümkünsə) 12 kvadratmetr olan bir otaqdan ibarətdir. İki əlil arabası otaqda olanda artıq nə onların, nə də başqasının hərəkətinə imkan qalmır. İlk baxışdan hər şey aydın olsa da, hansı çətinliklərinin olduğunu soruşdum: "O qədər problem var ki, hansı-birisini deyim. Əvvəl bu binaya lift qoyulub, amma sənədləşməyib. Xarab olanda heç kim düzəltmirdi. Uşağın sudurğası tuturdu, lift yox, apara da bilmirdik xəstəxanaya. Nə isə...Bir dəfə bu liftdə uşağım 2 saat qaldı, nə qədər yerə dedik, gəlib baxan olmadı. Axırda FHN-dən gəlib düzəltdilər. Dünya dağılsa, bir adamın vecinə olmur. Bu lift də normal adamlar üçündü, arabada olan əllilər üçn lift başqadı, o işləmir, düzəldən də yoxdu. Bunda da çətin olur, gərək tək-tək düşüb-çıxasan, arabanı da zorla salırlar liftin içərisinə".


Əlillər Mehriban Əliyevanın qəbulunda


Təranə xanımı narahat edən əsas məsələlərdən biri də evlərinin çox darısqal olmasıdır. Dəfələrlə lazımi qurumlara həyətlərində ona kiçik torpaq sahəsi verilməsi üçün müraciət edib: Başqalarına verdilər, amma bizə yox". Səbəbsə "hörmət" etmək üçün imkanının olmamasıdır: "Bizə düşən hansısa sosial yardımı da güc-bəla ilə alırıq. Keçən dəfə məcbur olub Gülər Əhmədovanın adını verib Qızıl Aypara Cəmiyyətindən yardım almışam. Ordan da ayda 10 manat məbləğində yardım verirlər. O boyda bayramlar olur, nə İcra Hakimiyyətindən, nə digər cəmiyyətlərdən, qurumlardan bir adam qapımızı döymür ki, bunlar nə yeyir, nə içir, necə dolanır? Binəqədinin icra başçısından tutmuş bələdiyyə rəhbərinə kimi dəfələrlə müraciət etmişəm. Amma hamı başından eləyir". Sonra öyrəndik ki, binada ümumiyyətlə qaz erilmir, bütün işlər elektriklə görülür. Təranə xanım gözü dola-dola söhbətinə davam edir. Onu ən çox narahat dən isə, övladının vəziyyəti və müalicəsidir. Allahverdi danışa da bilmir. Anası deyir ki, əllərinə düşən pulu üst-üstə toplayıb müalicə üçün İrana aparırlar. Çünki ölkədəki müalicələrin heç bir təsiri olmur: "3 aydan bir müalicəyə aparırıq. Dəfələrlə Mehriban Əliyevanın qəbuluna getmişəm. Gərək Allahla danışaq, onun heç bizdən xəbəri yoxdur, olsa köməklik göstərər. Amma əlaqə yaratmağa imkan vermirlər. Deyirəm heç olmasa uşağımın müalicəsinə yardım edərlər. Amma eləmirlər. Əlil Uşaqları Bərpa Mərkəzi var, 15 kursdur ki, ora gedirik. Ancaq orda da lazımi mütəxəssislər təhkim olunmur, heç bir effekt görmürük. Əlil uşaqlar üçün xüsusi idman müəllimləri olmaldır. Digər həkimlər məşğul olanda uşağın əlini-ayağını sındırıb buraxırlar. Şikayət edəsi olsan da, bir daha səni qəbul etməzlər. Hamı susmağa məcbur olur. Bu uşaqlara da əsas masaj və fizioterpiya lazımdır, o da yoxdur. Kim ciblərinə pul qoysa, onlara yaxşı xidmət olunur. Əlillərə heç bir güzəşt edilmir. Deyirər ki, bu gəlir əlimizdən, amma pul versək, bacararlar. Heç əməlli yemək də vermirlər. Ora nə qədər yardım, məhsul ayrılır. Ancaq gündə bir dəfə supdan başqa bir şey vermirlər. Hara gedir bu yardım, bilinmir. Əlil uşaqlar üçün xüsusi müəllimlər, dərsliklər olmalıdır. Hanı bəs? Heç birini görmürük. Axı mən zəliləm onsuz da, əlimdən nə gəlir ki...Mən heç kimin yanında qürurumu sındırmıram, pul da dilənmirəm. Sadəcə dövlətin ayırdığı vəsaiti özümüzə versinlər. Heç olmasa biz əlillərin pulunu yeməyin..."


"Ali təhsilli oğlum 2-3 manata fəhlə işləyir"


Digər sakin Yasəmən Abbasovanın həyat yoldaşı Mübariz Ələsgərov Qarabağ müharibəsində könüllülər dəstəsində vuruşub, bir neçə orqanını itirib. I qrup əlil olaraq bir neçə il yaşayıb, amma sonra dünyasını dəyişib. Bir qızı, bir oğlu var. Aldığı əlil pensiyasını yaşları çatanadək övladlarına təyin ediblər. Ancaq indi heç bir yerdən bir qəpik də olsun yardım ala bilmirlər. Hara getsələr, əslində həyat yoldaşına şəhid adı, özlərinəsə sosial yardım düşdüyünü dedikləri halda, heç bir köməklik ala bilmirlər: "Dəfələrlər məktub ünvanlamışam lazımi ünvanlara, amma cavab verilmir. Oğlum ali təhsillidir, gündə 2-3 manata fəhlə işləyir. Bunla necə dolanaq, dərdimizi kimə deyək?".


"Meyvə almağa da pulumuz yoxdur"


I qrup əlil Məhluqə Zeynalova və onun internatdan özünə köməkçi götürdüyü kimsəsiz, II qrup əlil olan Təranə Kərimova da eyni problemləri yaşayır. Onların pensiyaları bir yerdə 176 manat edir: "Ürəyimiz bir şey istəyəndə ürəyimizdə qalır elə. İndi yaydı, adam meyvə yemək istəyir. Amma neyləmək olar? Çatdırıb ala bilmirik".

Söhbətə qoşulan Təranə xanım da deyilənlərə şərik olur: "Heç buranın komendantı da yoxdur. Yalandan keyfiyyətsiz materiallarla təmir eləyiblər, az qala ev başımız uça, necə düzəldə bilərik axı? O qədər qurumlar var. Amma nə olsun? Heç birinin bizdən, halımızdan xəbərləri yoxdur".

Sonda "Allah heç kimi heç kimə möhtac qoymasın!" dedilər...

"Amin" dedim içimdə... Amindən başqa nə deyə bilərdim ki...


Sevinc Fədai

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description