“Mənə zərbə vuranlar da çox olub” “Mənə zərbə vuranlar da çox olub”

Diktor Rafiq Hüseynov: “Görüşdüyüm qadınlarla evlənmişəm”

“Mənə zərbə vuranlar da çox olub”


Təqvimə baxırdım. Gözüm onun şəklinə sataşdı. Anladım ki, biz görüşməliyik. Bu illər ərzində heç rastlaşmamışdıq da. Nömrəsini yığdıq. Bu yaraşıqlı kişiylə görüş təyin etdim. Təəssüf ki, indiyə qədər onu şəxsən tanımırdım, haqqında çox şey bilsəm də. Bildiklərimi "Düz üzünə"də deyəcəkdim. Gəldi, zəhmi bütün otağı basmışdı. İlk dəfə idi ki, mən müsahibədə həyəcanlanırdım. O, müəllimdir axı! İndi mənim bütün qüsurlarımı görəcək. Nitqimdən tutmuş suallarıma qədər. İlk sualımda kəkələdim də. Amma siqaretin kəsif qoxusu və səmimi təbəssüm hər şeyi yoluna qoydu. Və başladıq. 


Müsahibim xalq artisti, məşhur diktor Rafiq Hüseynovdur.


-Rafiq müəllim, ömrünüzün müdrik çağını haqlamısız. Bu yaxında doğum gününü qeyd etdiniz. Əvvəlcə sizi təbrik edib, uzun ömür, can sağlığı arzulayıram. Və soruşmaq istəyirəm ki, 66 yaşdan geri baxmaq yaraşıqlı bir kişiyə necə təsir edir?


-Bu hissi ifadə emək çətindir mənə. Mən demək olar ki, 17 yaşımdan işləyirəm. O zaman inanmırdım ki, belə bir nöqtəyə çatacam. Əgər bu yaşımda mənimlə maraqlanırsızsa, deməli, nəsə etmişəm.


- Nostalji hisslər yaradan adam olmaq insafsızlıq deyilmi? Bu baxımdan, bir az Sizi doğulduğunuz İçərişəhərə bənzədirəm..


-Düzdür, indi gənc nəsil əsas etibarilə məni tanımır. Bunu mənə hamı deyir. Ola bilər İçərişəhərə bənzəyirəm. Mənə "2 qalanın oğlu" da deyirdilər. Çünki atam İçərişəhərdə yaşasa da, əslən Şuşalı idi və mən onların yay səfəri zamanı Şuşada doğulmuşam, 40 gün də orada qalmışam.


- Moskvanın ali dərəcəli diktoru səviiyəsinə kimi yüksələn  Rafiq Hüseynov bir müddət məmur- dövlət televiziyasında müavin kimi də fəaliyyət göstərdi. Məmurluq, yoxsa sadə diktorluq? Hansının öhdəsindən daha yaxşı gəlirdiniz?


-Vəzifəyə də həmişə müvəqqəti məsələ kimi baxmışam. Heç bir məmura xas hərəkətlərə yol verməmişəm. Sabah insanlarla göz-gözə gələcəyimi unutmamışam.


-1966-cı ilin dekabr ayında diktorluq fəaliyyətinizdə acı bir durum yaşadınız, depressiyaya düşdünüz. Bu vəziyyəti necə atladız?


-Nədən pərt olmuşam ki?


-Bəlkə yadınıza salasız...


-Hə, efirdə həyəcandan çaşmağımı deyirsiz?  Düzdür, o yanlışdan sonra efirdən çıxarıldım, üzərimdə düz 7 ay çalışdım. Amma bu, yalnız mənim günahım deyildi. Mətni səhv yazmışdılar. Roza xanımla efirdə idik. Böyük biabırçılıq olmuşdu.


- Ölkənin ən yaxşı paltarları siz məşhur diktorlara gətirilirdi, hər şeyin yaxşısı sizin olurdu. Üstəlik vəzifəli şəxslərin belə çəkindiyi, sadə adamların isə çox sevdiyi, hörmət etdiyi adamlar elə sizlər idiniz. Sizcə siz buna layiq olan nə etmişdiz ki?


- Niyə elə fikirləşirsiz ki, biz gözəl geyinmişik?! Əksinə, mən çox çətinliklə diktorlara ildə bir dəfə yeni paltarlar tidkirmək üçün parçalar verilməsinə nail oldum. Həmişə öz paltarımızla çıxırdıq. İndi aparıcıları sponsorlar geydirir. O dövrdə isə bu yox idi, amma biz tamaşaçı üçün zövqlə geyinməli idik. Bir dəfə bir tamaşaçı dedi ki, nə gözəl pencəyiniz var. Mənim də bir pencəyim vardı. Hər gün geyinirdim. Kənardan gözəl görünürdü. Açdım göstərdim. Astarı tamam üzülmüşdü. (gülür)


- "Televiziyadan ona görə uzaqlaşmışdım ki, xalqın gözünün içinə yalan söyləyə bilməmişdim". Bunu siz demisiz? İnanaq?


- Bəli, inanın. Çünki o dövrdə elə siyasi oyunlar gedirdi ki... Müəyyən mətnləri oxutmaqla məni insanların gözündən sala bilərdilər. Hətta bəzi dostlarımın əleyhinə olan mətnləri də oxumalı idim. Buna görə də, öz ərizəmlə işdən çıxdım. 


-Bilmirsiz, sizdə  qadınları valeh edən nə idi? Yaraşığınız, nitqiniz, ya nüfuzunuz?


-Onu qadınlardan soruşun (gülür). Düzdür, məktub, zəng çox olub. Amma deyim ki, mən heç vaxt belə görüşə getməmişəm. Məşədi İbad demiş, gərək əvvəl görəsən, sonra görüşəsən. Düşünürdüm ki, sevən qadın mütləq məni axtarıb tapacaq.


-Etiraf etmək istəməsəniz də deməli, üstünlüyünüzü bilirdiz?


-Bilirdim (gülür) və düzünü deyim ki, bu, mənim xoşuma gəlirdi.


-Qadını necə tez təslim etmək olar? Bəlkə kişi oxucularımıza resept verəsiniz? Yoxsa bu ilahi vergidir?


-İlk növbədə, kişi mədəni rəftarı və intellekti ilə qadına təsir edə bilər. Dediyiniz o yaraşıq ilk dəfə görüşdən sonra gözdən düşə də bilər.


-Deməli, qadını "ovsunlamaq" üçün ilk növbədə mədəni olmaq lazımdır?


-Bəli. Qadınla hörmətlə davranmaq lazımdır.


-Amma görünür o "kitab"ları üzdən oxumusunuz.


-Niyə belə düşünürsüz?


- Çünki münasibtləriniz uzunömürlü ola bilməyib. 


-Açın bu sözü. Nə demək istəyirsiniz?


- Həyat yoldaşlarınıza baxanda hiss etmək olur ki, yaxşı zövqünüz var.


- (Gülür) Qısa cavab verirəm: bəli!


- Onda dediyimi açıram: niyə 4 dəfə evlənmisiz? Yalan danışa bilmədiyiniz üçün?


-Bilirsiniz, sevgi tükənəndən sonra o, münasibətləri uzatmağa dəyməz. Bəzən dostlarım bunu mənə irad tutur. Deyirəm, bəlkə siz bir dəfə evli olmusuz, amma müxtəlif qadınlarla görüşmüsüz. Mən isə onlarla evlənmişəm. Mən boşanmaqla o qadına da şans verirdim ki, gələcəkdə öz həyatını qura bilsin. Hamısı ilə indi də dostam. Aramızda heç bir narazılıq yoxdur.


- Soruşmaq ayıb olmasın, nə qədər sevgiliniz olub? Eşitmişəm siyahınız uzundur.


- Doğrudur. Sənət dünyası elə bir yerdir ki, orda tamah çoxdur və sən ondan qaça bilmirsən.


- Doğrudanmı hər yaşın öz gözəlliyi var? Xüsusən yaraşıqlı kişi üçün. Yoxsa bu söz sadəcə təsəlli üçün deyilib?


- Sizə səmimi deyim, mən istəyərdim indi cavan olum. Evdə tək olanda düşünürəm ki, aman Allah, 66 yaş bir an içində necə keçdi?! Heç hiss etmədim.


- Sizin nəsildən olan yaşlı diktorlar Aztv-də bir yapraq tökümü yaşadı. Sizcə Sabir Ələsgərova haqsızlıq elədilərmi?


-Haqsızlıq mənə etmişdilr. Heç kimə yox. Mətn oxumaqla tamaşaçını daha qazanmaq olmurdu. Onlar da mövqelərini itirdilər. Məncə, heç bir haqsızlıq yoxdur.


- Yeriniz boş qalıb, və ya gözünüzü dikdiyiniz var?


- Heç bir yer boş qalmır. Bir sözdən xoşum gəlmir: "Əvəz olunmayan insan yoxdur". Axı, hər bir insan əvəz edilməz yaranıb. Sırf Rafiq Hüseynov bir də olmayacaq. Sırf Rəşid Behbudovdan, Müslüm Maqomayevdən daha olmayacaq. Bağışlayın ki, mən öz adımı da onlarla bir cərgədə çəkirəm. Amma bu faktdır. İndi yaxşı aparıcılar var. Onlar çoxdur.Çalışıram tələbələrimə aşılayım ki, hər bir aparıcı şəxsiyyət olsun. Tamaşaçının sənə ilk növbədə bir şəxsiyyət kimi hörməti olmalıdır.


- AzTv-də aparıcıların bədii rəhbərisiz. Yəni öz yerinizdəsiz?


- Hə, indi mənim yerim buradır.


- Bu yaşda kimə dost deyirsiz? İllər onların sayını artıra bilib, ya əksinə?


- Artırıb. Televiziyadan gedəndən sonra maliyyə cəhətdən vəziyyətim çox pis idi. Başqa televiziya yox idi ki, gedib işləyim. Mən getdim dərs deməyə. Yaxşı ki, getdim. professor adı qazandım. O gənc nəsil də mənim tamaşaçılarım idi. Başqa kollektivə qarışmaqla dostlarımın sayını artırdım. Hələ də gənclikdən sahib olduğum dostlarımı itirməmişəm.


- Hansı ürəklə özünüzdən düz 30 yaş gənc qızla evləndiz? Yəni 4-cü dəfə də sehr öz işini gördü?


- Məhəbbətdir də. Təsadüfdür o görüş. Əslində, evlənmək çətin işdir. Mən tək insanla 40 il ailəli qalanlara qibtə edirəm. Elələri də var ki, mənim kimi axtarışdadır. Bəlkə də mən gənclərlə müntəzəm ünsiyyətdə olduğumdandır ki, ruhum gəncdir. Və o qız mənim tələbəm idi.


- Vətəndaş nikahına münasibətiniz?


- Sevgi ilə atılmış hər addımın tərəfdarıyam. Adını nə qoyursuzsa qoyun, əsas odur ki, sevgi olsun.


- Yaş adamı ya müdrkləşdirir, ya deyingən edir?


- Yaşa dolduqca bir şey hiss edirəm ki, təkrarçılığa yol verirəm. Yaddaşım əvvəldən xarab idi, indi lap xarab olub. Məktəb illərindən belə idi. Heç bir şeri indiyə qədər yadda saxlaya bilməmişəm.


- Niyə Leyli?


- Qızımı deyirsiniz? Leyli mənim nənəmin adı idi. Şuşanın gözəllərindən olub. Qızım böyüdükcə görürəm ki, mən bu adı ona düzgün olaraq qoymuşam.


- 66 yaşında 11 yaşlı qızı olmaq... Burasını düşünmüşdünüz?


- Bir tərəfdən çətindir, bir tərəfdən maraqlıdır. Düzdür, o, mənim yaşlı olduğumu üzümə vurmur. Amma bilməyənlər görəndə elə bilir ki, nəvəmdir. Bilirsiniz ki, mən gənc oğlumu itirmişdim və inana bilmiridm ki, mənim yenə övladım ola bilər.


- Oğlunuzla bağlı yayılan şayiələr doğru idi?


- Baxır hansı şayiələr?


- Sizin oğulluğa götürdüyünüz biri tərəfindən onun doğranıb çamadana yığılması...


- Yox, oğlum ola-ola niyə başqasını götürüm?! O adam yoldaşımın rayonda qonşusu idi. Amma doğranması doğrudur. Mənə bu haqda danışmaq olduca ağırdır. Davam etməyək.


- Yaxşı. Qızınız kinoya çəkildi. Bu, sizin arzunuz idi?


- Ramiz Fətəliyev mənim yaxın dostumdur. Bir dostumuzun yubileyinə getmişdik. Qızım da ora-bura qaçırdı. Ramiz dedi, filmdə çəkilməyə balaca qız lazımdır. Mən niyə onu çəkməyim? Dedim, sən Allah, onu sənət aləminə aparma. Amma çəkdi. Pis də alınmayıb, deyilənə görə.


- Siz özünüz niyə filmlərdə rol almadınız? Axı bütün keyfiyyətlərə malik idiniz. 


- İndi də təəssüf edirəm. İnsan filmə çəkəndə həmişə yaddaşlarda qalır. Amma bizim bir lent yazımızı da indi göstərmirlər. Amma o zaman 6 filmdə sınaqdan keçdim. Sadəcə məndə alınmadı. Mən özümdən başqa heç kimi oynaya bilmirəm.


- Kinematoqrafçılar İttifaqının katibisiniz? İndi düşmən olan bu iki cəbhədə kimin yanındasız?


- Mən əvvəldən hansı İttifaqda idimsə orda qalmışam.


- Yəni Rüstəm İbrahimbəyovun...


- Bəli.


- Bir çoxları kimi dəyşmək fikriniz yoxdur?


- Yoxdur!


- Bir ara yeriməyinizdə problemler yaranmışdı? Nə düşündüz? 


- Ancaq qızımı düşünürdüm. Düşünürdüm ki, mən elə bir vəziyyətə düşməyim ki, bu yaşımda qızımla gəzə bilməyim. Qızım, cavan həyat yoldaşım mənə bir xəstə kimi qulluq etməsin. Allahdan istəyim budur ki, o, mənə elə bir xəstəlik verməsin ki, mən yataqdan dura bilməyim. 


-  Bu dəqiqə kim və nə çatışmır həyatınızda?


- İlk növbədə valideynlərim. Xüsusən atam. Mən onu erkən itirmişəm. O mənim uğurlarımı görmədi. İkinci, sözsüz oğlumun yanımda olmasını istərdim. Müqəddəs kitablarda yazılıb ki, ölüm müvəqqəti ayrılıqdır. Mən hesab edirəm ki, bu həqiqətdir və biz bir yerdə olacağıq, nə vaxtsa.


- Taleyinizi eyni ilə qızınızın yaşamasını istərdinizmi? 


- Yox. 


- Niyə? Uğurlarınız çox olub axı?


- Uğurlar... Onlar dəhşətli əziyyətlər bahasına başa gəlib. Heç nə asan olmayıb. Mənə zərbə vuranlar da çox olub. Haqqımda material yazanlar da olub. Məni hamı sevmirdi ki... Mənim ustadım da olmayıb. Çalışmışam öz məktəbim olsun. Heç kimdən öyrənməmişəm. Bunlar və qurulan tələlərdən keçmək böyük bacarıq və səbr tələb edirdi.


- Ad gününzü harada, necə və kimlərlə keçirdiniz? 


- Bu il heç həvəsim olmadı nəsə etməyə.


- Heç qoşa 6-nı belə qeyd edərlər?


- 60-ı, 65-i yaxşı qeyd elədim. Bu dəfə bütün dostlar zəng vurdu ki, hara gedəcəyik. İlk təbrik edən də qızım oldu. Gecə 1-ə 1 dəqiqə işləmiş mənə zəng vurdu. Amma nəsə həvəsim olmadı harasa getməyə.


- Səmimi olmaq nədir? Düz danışmaq, yoxsa gerçəyə yaxın görünmək?


- Səmimi olmaq lazımdır. Amma biz yalansız yaşaya bilmərik. Məsələn, bəzən doğrunu danışsaq, kiminsə ailəsini dağıda bilərik. Ona görə də, reallıqdan çıxış edərək yalan danışmalı oluruq. Bu da təbii və doğrudur.


Suallarım bitməsə də, bitirməli idim... Efirdəki kostyumu qədər ütülü saxladığı şəxsiyyəti illərin yorğunu idi. Mənim niyyətim buzu sındırmaq olmasa da, bir balaca döyəcləmək idi. Əslində, buz yalnız görünəndir.


Sizə məsləhətim, heç vaxt görünüşə aldanmayın. 


Zəhmli  insanlardan qorxmayın. Onlar yalnızlığın qurbanıdırlar.


İradə İsaq


image description