20:08
(077) 610-22-33

Parlamentdə dövlət büdcəsinin müzakirəsi başlayıb

  • >
749 12 Noyabr 2013 12:48 | Cəmiyyət


Bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrinin müzakirəsinə başlanılıb.

AzNews.az-ın xəbərinə görə, "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi haqqında danışarkən Milli Məclisin Sosial siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycanda MDB ölkələri arasında ÜDM-in adambaşına düşən həcminə görə liderdir.

Yaxın 4-5 ildə Azərbaycanda ÜDM-in həcmi 100 mlrd. ABŞ dolları civarında olacaq. Dövlət Neft Fondundan büdcəyə transfer 2 mlrd. manat və yaxud 17,2% azaldılacaq.

Z. Səmədzadə qeyd edib ki, 2014-cü ildə Azərbaycanın qeyri-neft sektorundan vergi daxilolmaları 19,2% artacaq. Gələn il 5 şəhər dövlət büdcəsindən dotasiya tələb etməyərək öz büdcəsini müstəqil formalaşdıracaq.

Deputat deyib ki, Dövlət Gömrük Komitəsinin dövlət büdcəsinin daxilolmalarındakı payı 8,2% olacaq: "Büdcə gəlirlərinin strukturunda 9,337 mlrd. manat Dövlət Neft Fondundan transfert, 7,102 mlrd. manat Vergilər Nazirliyi, 1,510 mlrd. manat Dövlət Gömrük Komitəsinin xətti ilə, 0,4 mlrd. manat büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, qalanı isə sair daxilolmaların payına düşür. Büdcə gəlirlərinin 6,245 mlrd. manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək ki, bu da 2013-cü ilin proqnozundan 20,8% çoxdur".

Z.Səmədzadə bildirib ki, Azərbaycanın dövlət büdcəsi Ermənistan dövlət büdcəsindən 6 dəfə, Gürcüstan büdcəsindən isə 5 dəfə çoxdur: "Hökumətin büdcə siyasətində əsas yeri real sektor tutur. Yeni kənd təsərrüfatı sahələrinin yaradılmasına və Azərbaycanın istehsal etdiyi məhsulların dünya bazarına çıxmasına şərait yaradılmalıdır. Ölkədə məşğulluğun artırılması və yeni iş yerlərinin yaradılmasına diqqət artırılmalıdır".

Komitə sədri qeyd edib ki, bəzi regionlarda işçilərin əmək haqları çox aşağıdır və bu əmək haqları mütləq artırılmalıdır: "Bizim buna imkanımız var".

Maliyyə naziri Samir Şərifov isə deyib ki, Azərbaycanın ÜDM-in həcminin 2014-cü ildə 5%, qeyri-neft sektorunun isə 10% artacağı proqnozlaşdırılır: "Azərbaycanın 2014-cü il üçün dövlət büdcəsinin gəlirləri 18,384 mlrd. manat, xərcləri isə 20,063 mlrd. manat həcmində nəzərdə tutulub. Büdcə gəlirlərinin strukturunda 9,337 mlrd. manat Dövlət Neft Fondundan transfert, 7,102 mlrd. manat Vergilər Nazirliyi, 1,510 mlrd. manat Dövlət Gömrük Komitəsinin xətti ilə, 0,4 mlrd. manat büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, qalanı isə sair daxilolmaların payına düşür".

Nazir bildirib ki, büdcə xərclərinin tərkibində isə əsas yeri sənaye və tikinti xərcləri (6,282 mlrd. manat), dövlət əsaslı vəsait qoyuluşları (6,260 mlrd. manat) tutacaq: "Sosial müdafiə və sosial təminat xərcləri 2,072 mlrd. manat, ümumi dövlət xidmətlərinə 1,997 mlrd. manat, təhsilə 1,653 mlrd. manat, müdafiəyə 1,637 mlrd. manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üzrə xərclər isə 1,240 mlrd. manat təşkil edəcək".

S.Şərifov vurğulayıb, bunun nəticəsində, gələn ilki büdcədə 1,679 mlrd. manat həcmində kəsir nəzərdə tutulub: "Bu ilin proqnoz göstəricilərinə nisbətən büdcə gəlirlərinin 4,0% azalacağı, xərclərin 1,1%, kəsirin isə 2,4 dəfə artacağı gözlənilir".

Çıxışının sonunda maliyyə naziri millət vəkillərini dövlət büdcəsi haqqında qanun layihəsini qəbul etməyə çağırıb.

Qeyd edək ki, "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında" qanuna görə, Azərbaycanın gələn ilki dövlət büdcəsinin gəlirləri 18,384 mlrd. manat, xərcləri 20,063 mlrd. manat həcmində nəzərdə tutulur.

AzNews.az
Bağla X