İlham Əliyev: “Türkiyə-Azərbaycan birliyi üçün var gücümlə çalışacağam“

"Bu gün mənim həyatımda çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün mən qardaş Türkiyə Cümhuriyyətinin ali mükafatı ilə təltif olunuram. Bu, mənim üçün böyük şərəfdir, böyük xoşbəxtlikdir və mən sizi və bütün türk xalqını əmin etmək istəyirəm ki, bundan sonra da Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün var gücümlə çalışacağam".

Trend-in Türkiyənin "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Abdullah Gül tərəfindən Türkiyənin "Dövlət nişanı" ilə təltif olunması mərasimində çıxışı zamanı deyib.

Azərbaycan Prezidenti bildirib ki, çalışacaq ki, bundan sonra da Türkiyə-Azərbaycan dostluğu, birliyi möhkəmlənsin, Azərbaycan və Türkiyənin bütün birgə layihələri icra edilsin və Türkiyə-Azərbaycan birliyi əbədi, sarsılmaz olsun:

"Bu gün bir daha bu təltifi alarkən keçmişə nəzər salırıq, görürük ki, Türkiyə-Azərbaycan əlaqələri dünyada unikal əlaqələrdir. Bizi tarix birləşdirir, etnik köklər və ortaq mədəniyyət birləşdirir və eyni zamanda, siyasi, iqtisadi maraqlarımız birləşdirir".

Dövlət başçısı qeyd edib ki, dünyada bir-birinə yaxın olan xalqlar kifayət qədər çoxdur və heç də hər zaman bu xalqlar bir-biri ilə Azərbaycanla Türkiyə qədər yaxın olmurlar: "Bu gün bizim birliyimiz, müttəfiqliyimiz dərin tarixi köklər üzərində qurulub. Təsadüfi deyil ki, Azərbaycan dövlət müstəqilliyini elan etdikdə bizim müstəqilliyimizi ilk tanıyan qardaş Türkiyə olmuşdur. Və o gündən bu günə qədər bizim birliyimiz, dostluğumuz, qardaşlığımız davam edir və imkan verir ki, bizim xalqlarımız da bir-birinə qovuşsun, biz birlikdə xalqlarımız, dövlətlərimz üçün vacib olan məsələləri həll edək".

İlham Əliyevin sözlərinə görə, son on il ərzində Türkiyə-Azərbaycan əlaqələrinin daim yüksək səviyyədə olmasına çalışıb:

"Bizim xarici siyasətimizin prioriteti məhz Türkiyə-Azərbaycan əlaqələridir. İlk növbədə, bu əlaqələr bizim xarici siyasətimizi müəyyən edir. Türkiyə bizim üçün ən yaxın dost, qardaş, müttəfiq ölkədir və son illər ərzində bu müttəfiqlik yeni pilləyə qalxmışdır. Bu gün Türkiyə-Azərbaycan əlaqələri nəinki ölkələrimiz üçün, bölgə üçün, dünya üçün önəmli faktora çevrilmişdir. Bizim birgə icra etdiyimiz siyasi, iqtisadi, enerji layihələri bizi daha sıx birləşdirir, bu birliyi əbədi, dönməz edir.

Və əlbəttə, bizim birliyimiz bu gün bölgədə gedən proseslərə müsbət təsir göstərir. Regional əməkdaşlıq üçün Türkiyə-Azərbaycan birliyi başlıca şərtdir".

Azərbaycan Prezidenti bildirib ki, Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizlik, sabitlik üçün əsas amildir:

"Və bu gün bir daha bu məsələlərə nəzər salarkən görürük ki, doğrudan da Türkiyə ilə Azərbaycan son illər ərzində böyük uğurlu yol keçmişdir. Bu gün Ankarada yenidən olarkən şəhərdə gedən inkişafı görürük və buna sizin qədər sevinirik. Mən son on il ərzində Türkiyədə dəfələrlə olmuşam. Bu, mənim 16-cı səfərimdir və üçüncü rəsmi səfərdir. Ancaq bir neçə ildir ki, Ankarada olmamışdım və bu gün Ankarada gedən inkişafı görərkən çox sevinirəm".

İlham Əliyev nitqində söyləyib ki, bu, Türkiyənin böyük uğuru, nailiyyətidir və Türkiyənin inkişafı Azərbaycanı gücləndirir:

"Bu gün Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər özünü rahat hiss edəcək. Biz çox sevinirik ki, hətta böhranlı illərdə Türkiyə iqtisadi və siyasi sabitliyi möhkəmləndirə bilmişdir. Türkiyə iqtisadiyyatı uğurla inkişaf edir. Türkiyənin bütün təşəbbüsləri reallaşır və bu gün dünya miqyasında Türkiyə bir güc mərkəzidir. Və bütün bu işlərin həyata keçirilməsində mənim qardaşım, Prezident Abdullah Gülün xüsusi xidmətləri vardır. Sizin rəhbərliyinizlə ölkəniz inkişaf edir, artıq beynəlxalq gücə çevrilmişdir. Türkiyə dostlar üçün, tərəfdaşlar üçün çox cəlbedici ölkədir".

Azərbaycan Prezidenti vurğulayıb ki, Türkiyə ilə dostluq etmək istəyən ölkələrin sayı artmaqdadır, Türkiyənin beynəlxalq nüfuzu çox yüksək səviyyədədir:

"Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv olmuşdur, ancaq ondan əvvəl Türkiyə bu təşkilata üzv olmuşdur və əminəm ki, yenidən Türkiyə BMT Təhlükəsizlik Şurasına üzv olacaqdır. Çünki dünya miqyasında Türkiyəyə olan hörmət günü-gündən artır. Biz əziz qardaşım, Prezident Abdullah Gül ilə Türkiyə-Azərbaycan əlaqələrinin müxtəlif mərhələlərində birgə çalışmışıq, çiyin-çiyinə çalışmışıq, bərabər Ceyhanda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışında itirak etmişik, Qarsda Bakı-Tbilisi-Qars dəmir yolunun təməlini bir yerdə qoymuşuq. Əminəm ki, belə birgə mərasimlər hələ çox olacaqdır, çünki bizim həyata keçirdiyimiz layihələrimiz gələcəyə yönəlib".

İlham Əliyev bildirib ki, elə edilməlidir ki, sonrakı nəsil də dostluq, birlik, qardaşlıq mühitində bir-biri ilə əlaqə saxlasın:

"Bu gün qoyulan ənənələr, göstərilən istiqamətlər gələcək nəsilə də bir yol göstəricisidir. Çünki biz istəyirik ki, bizim birliyimiz əbədi, sarsılmaz, dönməz olsun və əminəm ki, biz buna nail olacağıq. Hər halda, son illərin tarixi belə deməyə əsas verir. Türkiyənin gələcək inkişafı nə Azərbaycanda, nə Türkiyədə şübhə doğurur. Bizim qardaş ölkəmiz yalnız və yalnız yüksələn xətt ilə inkişaf edəcək və ölkə qarşısında duran bütün vəzifələri icra edəcək. Mən bu fürsətdən istifadə edərək Azərbaycana daim göstərilən dəstəyə görə sizə minnətdarlığımı bildirmək istəyirəm.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndə Türkiyə bizə arxa, dayaq olmuşdur və bu gün bizim qarşılıqlı dəstəyimiz ölkələrimizi daha da birləşdirir, gücləndirir və bu gün Türkiyə-Azərbaycan işbirliyi, əməkdaşlığı müsbət meyillərin güclənməsinə təkan verir. İqtisadi, siyasi, enerji sahəsində bu birlik həlledici faktordur. Bugünkü mərasim və təltiflər böyük bir rəmzi məna daşıyır. Bu, bizim birliyimizin təntənəsidir. Dostluğumuzun, qardaşlığımızın təntənəsidir və bu möhkəm təməl üzərində bundan sonra da biz öz əlaqələrimizi quracağıq.

Mən bir daha əziz qardaşım, Prezident Abdullah Gülə mənim səylərimi, fəaliyyətimi yüksək qiymətləndirdiyinə görə minnətdarlığımı bildirmək istəyirəm və bir daha Türkiyə və Azərbaycan xalqlarını əmin etmək istəyirəm ki, Türkiyə-Azərbaycan birliyi üçün bundan sonra da var gücümlə çalışacağam. Yaşasın Türkiyə, yaşasın Azərbaycan!"

AzNews.az