14:44
(077) 610-22-33

Adil Qəribov: “Azərbaycanın nüvə proqramı qəbul edilməlidir”

  • >
638 12 Noyabr 2013 18:02 | Cəmiyyət

"Dünyanın bütün dövlətlərində nüvə proqramları var. Azərbaycanın nüvə proqramı isə hələ konkret şəkildə formalaşmayıb. Ölkədə bu sahədəki vəziyyəti daha yaxşılaşdırmaq üçün nüvə proqramı qəbul olunmalıdır".

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib.

O bildirib ki, ölkədə prezident tərəfindən strateji xətlər müəyyən edilib. Nüvə enerjisinin yalnız dinc məqsədlər üçün istifadə edilə biləcəyini deyən A.Qəribov qeyd edib ki, Azərbaycan nüvə silahlarının istifadəsi və ya onların sınaqdan keçirilməsi üzrə heç bir prosesdə iştirak etmir: "Bu sahədə dövlət proqramı konkret şəkildə formalaşmayıb. Radiasiya Problemləri İnstitutu beynəlxalq səviyyədə aktual proqramlara əsasən öz elmi işini müəyyənləşdirib. Belə ki, institut tərəfindən ölkənin əsas məsələləri olan radioekologiya, ekoloji problemlərin həllində nüvə enerjisinin istifadəsi, radio-bioloji faktorların qiymətləndirilməsi sahəsində prioritet elmi istiqamətlər müəyyən edilib. İnstitutun elmi-tədqiqat işləri olaraq müəyyən proseslər icra olunsa da, bunlar kifayət etmir. Ona görə də Azərbaycanın özünün nüvə proqramı qəbul edilməli və lazımi işlər görülməlidir".

A.Qəribov bu sahədə kadr hazırlığının mühüm olduğunu söyləyib: "Biz istərdik ki, Azərbaycanın ali təhsil müəssisələrində nüvə sahəsi üzrə ixtisaslı kadrlar hazırlansın. Bu, mühüm təhlükə və gələcək nöqteyi-nəzərdən çox mühümdür. Hansı ölkənin nüvə texnologiyası varsa, onunla dünyada müəyyən mənada razılaşırlar. Bu da böyük bir imkan və güc göstəricisidir. Son zamanlar ölkədə qeyri-neft sektorunun inkişafına xüsusi önəm verilir. Bu sahədə müəyyən ölkələrdə tədqiqatlar aparılır və prosesdə lazımi mütəxəssislər iştirak edir. Amma Azərbaycanda bu sahə üzrə kadrlara böyük ehtiyacımız var. İstərdik ki, ölkədə hazırlanan və xaricə göndərilən mütəxəssislərin sayı daha çox olsun".

AzNews.az
Bağla X